Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Əliyev Şəhriyar Bəxtiyar oğlu 5 avqust 1997-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olub. Uşaq yaşlarından ailəsi ilə birgə Bakıda yaşayıb.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib və müharibədən sonra orduda qalaraq xidmət etməyə başlayıb.
Şəhriyar Əliyev 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusu tərəfindən başladılan lokal xarakterli antiterror tədbirləri zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Qəhrəmanımız şəhid olmasaydı 27 sentyabrda nişanı olacaqdı.
Ordumuzun hərbi qulluqçusu Şəhriyar Bəxtiyar oğlu Əliyevin şəhid olmazdan əvvəl son telefon danışığı yayılıb.
Ş. Əliyev atasına son günlər ona zəng etmədiyinə görə üzrxahlıq edib.
Qəhrəmanımız 10 il öncə qardaşını, 7 il öncə isə anasını itirib. Bakı şəhəri, Bakıxanov qəsəbəsində atası və bacısı ilə yaşayıb.
O, Bakı şəhəri, Bakıxanov qəsəbəsində 21 sentyabr tarixində torpağa tapşırılıb.
Prezident İlham Əliyev in Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən leytenant Əliyev Şəhriyar Bəxtiyar oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.