Emral Həsənov 2002-ci ilin yanvar ayının 6-da Birinci Qarabağ Savaşı veteranı Vüqar Həsənovun ailəsində dünyaya gəlib.
Ailənin iki övladından, iki qardaşdan biri olub.
Atalarını 10 il öncə, 2013-cü ildə itiriblər.
Həmin vaxtdan anaları-Çiçi kəndindən olan Mətanət xanım onlara həm analıq, həm də atalıq edib. Onları minbir çətinliklərlə və Vətənə məhəbbət ruhunda böyüdüb. 2008-2019-cu illərdə Səbətlər kənd tam orta məktəbində oxuyub. 2020-2021-ci illərdə həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib.
Döyüş, vuruşub, iki dəfə yüngül yaralanıb, amma döyüş yoluna davam edib. İkinci Vətən Müharibəsindən iki sonra Əsgərliyini başa vuraraq, evinə-ailəsinə dönüb.Bir müddət müxtəlif sahələrdə çalışıb.7 ay öncə öncə isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb. Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə (KOMANDO) MAXE kimi fəaliyyətə başlayıb.Qardaşı, ondan 2 yaş böyük və subay olan Rəcəb də hərbçidir, ANAMA-da fəaliyyət göstərir.
Emral 2023-cü ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal xarakterli anterror tədbirləri zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Səbətlərin ümumilikdə beşinci Şəhidi olan Emralın nəşi sentyabrın 22-də Səbətlər kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həsənov Emral Vüqar oğlu “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” medalları ilə, lokal xarakterli antiterror tədbirlərində çücayətliklə vuruşduğuna görə ölümündən sonra “Vətən uğrunda” və “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Emral da subay olub.
Qardaşı Rəcəb Həsənov qəhrəmanlıq tarixi yazan qardaşı haqqında fikirləni bizimlə bölüşdü:
- Emralın sinif yoldaşı həmdə yaxın dostu əslən Quba rayonunun Çiçi kəndindən olan Tahir Talıbov Vətən müharibəsində şəhid olur. Emralın bundan xəbəri olmur, o zaman Emral Vətən müharibəsində vuruşurdu. Sonralar dostunun şəhid olmasını eşitdi, dostunun qisas alması hissi ilə yaşadı və qisasınıda aldı...Dostunun başladığı işi Emral sona yetirdi. Qardaşımla fəxr edirəm!
Anası Mətanət xanımın dediklərindən:
“Mən Emralın yoxluğunu qəbul etmirəm.O, mənim üçün yaşayır.Hər gün səhər saat 5-də durub, çay-çörək verib, onu yola salardım.4 gündür yenə səhər saat 5-də dururam, oyanıram və elə bilirəm ki, balamı işə yola salıram (gözləri dolur)… O, hərbçi olmaq istəyirdi, hərb sənətini sevirdi…Arzusuna da çatdı və Vətən yolunda Şəhid oldu…”.