Hüseynzadə Ramazan Həmdulla oğlu 01.01.2000-ci ildə Lerik rayonunun Orand kəndində anadan olub.
Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı zamanı ordumuzun müddətdən artıq hərbçisi Hüseynov Ramazan Həmdulla oğlu qəhrəmancasına şəhid olub.
Şəhidimiz Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub.
Yaxınlarının bildirdiyinə görə birinci Qarabağ savaşı zamanı Ramazanın atası Həmdulla, əmiləri Hilal və Araz Hüseynovlar döyüşə yollanıblar.
Həmdulla və Araz döyüşdən yaralı qayıtsa da, Hilal itkin düşüb və 2001-ci ildə ona şəhidlik statusu verilib. Şəhidimiz Ramazan və kiçik qardaşı Eldəniz isə 44 günlük Vətən müharibəsində iştirak ediblər. Eldənizin döyüşlər zamanı qəlpə bir barmağını aparıb.
Hüseynovlar ailəsi bütövlükdə Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə daim iştirak ediblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynzadə Ramazan Həmdulla oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.