İskəndərov Murad Əlağa oğlu 2004- cü ilin mart ayının 27- də Qusar rayonunda dünyaya gəlib.
Qusar rayon Çiləgir kəndi, şəhid Ə.Əlyarov adına tam orta məktəbində təhsil alıb.
Azərbaycan Ordusunun lokal antiterror tədbirləri zamanı şəhid olan hərbçisindən biri də 19 yaşlı Murad idi.
Çiləgir kənd məzarlığında torpağa tapşırılan əsgər Murad İskəndərovun hərbi xidmətini başa vurmasına sayılı günlər qalmışdı. O, oktyabr ayında evə dönəcəkdi.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.
Qardaşı Möhübəli deyir ki, Murad vətənpərvərliyi atası Əlağadan öyrənib, gözünü açandan atasını veteran kimi görüb:
"Atam Əlağa Birinci Qarabağ Müharibəsi veteranıdır. 4 il Murovdağda xidmət edib. O, qaçıb gizlənmək yerinə, Vətəni qorumağı seçmişdi. Murad da bütün bunları bilirdi. Atam hər zaman “vətənin dar günündə qaçmaq yox, vuruşmaq lazımdır”, deyirdi bizə..."
Möhübəli İskəndərov özünün də Vətən Müharibəsi veteranı olduğunu bildirir. Onun sözlərinə görə, Vətən Müharibəsi başlayanda əsgər olub.
Talış-Suqovuşan, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib:
"Murad məndən də çox nümunə götürmüşdü. Ailəmizdə gedən müharibə mövzusundə söhbətlər onun içinə dolmuşdu. Vətənpərvər hisslərlə yaşadı və vətən üçün canından keçdi.
Atamın və mənim yüksələ bilmədiyimiz şəhidlik zirvəsinə Murad yüksələ bildi. Necə deyərlər, Murad muradına çatdı".
Qeyd edək ki, 19 yaşlı Murad İskəndərov Çiləgir kəndinin 7-ci şəhididir. Birinci Qarabağ Müharibəsində 4, Vətən Müharibəsində 2 oğlunu şəhid verən Çiləgir kəndi 7-ci oğlunu antiterror tədbilərindən sonra son mənzilə yola saldı.