2021/01/13121-1611662029.jpg

line
Adı: Hacıyev
Soyadı: Ramid
Ata adı: Nəriman
Doğum tarixi: 11.02.1987
Şəhid olub: 18.10.2020
Rütbəsi: mayor
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Ramid Nəriman oğlu Hacıyev 1987-ci il fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub.

Ramid 1994-cü ildə Xətai rayon 48 saylı tam orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra C.Naxçıvanski adına hərbi məktəbə daxil olub, həmin məktəbi müvəffəqiyyətlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Ramid Hacıyev ali hərbi məktəbi bitirdikdən sonra müxtəlif hərbi hissələrdə xidmət göstərib, Tabor komandiri olub. 2010-cu ildə leytenant, 2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə mayor rütbəsi alıb. Üç hərbi medal, çoxlu sayda fəxri fərmanla təltif olunub.

Onun hələ 16 yaşı var idi, sevginin qığılcımlarını hiss edəndə... Hələ kursant olarkən Sevinc xanıma aşiq olur qəhrəmanımız...8 ildən sonra isə bu sevginin təməli onların evliliyi ilə möhkəmlənir. Hərbiçinin həyat rejiminə uyğunlaşmaq məsuliyyət, bir o qədər də çətinlik tələb edir. Hacıyevlər ailəsi də bu sınaqların olduğu yolda Ramidə dəstək olub, onunla xoşbəxt bir ömrü paylaşacaq xanımla ailə qurmasına xeyir-dua verib...

Övlad şirin nemətdir... Tanrı elə bu nemətdən Ramid Sevinc cütlüyünə 3 övlad bəxş edib. Bir oğul, iki əkiz qız övladı... Əli, Dəniz və Yağmur... Əli artıq böyüdüyünün fərqindədir. Qızlar isə hələki çox hadisələri dərk etmir. Ramid o atalardan olub ki, vətən qarşısındakı vəzifələrini hər şeydən üstün tutub. Övladları bəzən onunla vaxt keçirə bilib, bəzən isə ən əlamətdar günlərdə atalarını yanlarında görə bilməyiblər.
Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 18 oktyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalmışdır.
Ailəsi nigaran qalmasın deyə Ramid döyüşlərdən vaxt tapdıqca onlarla əlaqə saxlayıb. Hər dəfə onun səsinin gəlməyi ailəyə bir ümid olub. Oktyabrın 16-sı ailəyə verilən ağır xəbər onların ümidini puç edib. Doğmalarına əvvəl yaralı olduğu deyilsə də, Tərtərdə Ramidi soraqlayan ailəsi 2 gün onun döyüş meydanından nəşinin çıxarılmasını gözləyib. Əsgərlərimiz düşmən mərmisinin altında güclə də olsa, onun cansız bədənini ərazidən çıxartmağı bacarıb. Sonda isə mayorumuzun cənazəsi ailəsinə təhvil verilib.

Ramid hərbiçi olsa da, Allah ona xüsusi bir istedad bəxş eləyib. Yəqin ki, Qarabağ torpağının sehrindəndir ki, Ramid gözəl səsə sahib olub. Kim bilir, bəlkə də hərbini seçməsəydi bu günün məşhur xanəndələrində olardı. Tale isə onu əlində qaval tutmağa yox, silah tutmağa vadar elədi...

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ramid Hacıyev ölümündən sonra  "Qarabağ" ordeni ilə təltif edildi.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ramid Hacıyev ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilib.



Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Ramid Hacıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

II Fəxri Xiyabanda dəfn olunub.