Elməddin Lətifov 1987-ci ilin 31 oktyabr tarixində Bərdə rayonunun Xanağalı kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin dörd övladından, üç qardaşdan biri olub. Atasını 2023-cü ilin iyun ayında itirib.
Orta təhsilini Xanağalı kənd orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb. Sonra yenidən evinə-ailəsinə dönüb.
Bir müddət sonra, 2006-207-ci illərdən isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.
2016-cı il Aprel döyüşlərində, İkinci Vətən Müharibəsində, 2022-ci ilin sentyabr döyüşlərində iştirak edib. Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb, dəfələrlə ölümlərdən dönüb.Eyni zamanda, bir neçə dəfə qəzaya uğrayıb. 2023-cü ilin sentyabr ayının 19-da məlum lokal xarakterli antiterror təbirləri zamanı ağır yaralanıb.
Elməddin Lətifov Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb.
24 sentyabr tarixində vəfat edib, Şəhidlik məqamına ucalıb və nəşi bir gün sonra-25 sentyabr tarixində Xanağalı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
O, həm də ailəli, iki övlad atası olub.
Qızı Dərya 6-cı sinifdə, oğlu-atasının adını daşıyan Qabil isə 4-cü sinifdə oxuyur.
Lətifov Elməddin Qabil oğlu ölümündən sonra 3 -dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalları ilə təltif olunublar.