Məmmədhəsənov Qasim Bilal oğlu 18 dekabr 2001-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olub.
2002-ci ildə Moskva şəhərinin yubileyinə həsr olunmuş döş nişanı ilə Moskva meri Lujkov tərəfindən təltif edilib.
2003-cü ildə doğma Sabirabad rayonunun Qaraqaşlı kəndinə ailəsi ilə qayıdıb. 2007-ci ildə həmin kəndin orta məktəbin 1-ci sinfinə qədəm qoyub.2018-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib.
2018-ci ildə 467 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsi fakültəsinə daxil olub. 2022-ci ildə həmin universiteti bitirib.
Döyüş yolu
2022-ci ilin iyulun 6-sı həqiqi hərbi xidmətə yollanıb. İlk hərbi xidmətini Gəncə şəhəri N saylı hərbi hissədə, daha sonra Şuşa şəhərində N saylı hərbi hissədə davam etdirib.
Xidmət müddətində bir neçə dəfə Laçın istiqamətində lokal döyüş əməliyyatlarında iştirak edib. Xidmət etdiyi müddət ərzində döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunub. (30 iyun 2023). 2023-cü il 19–20 sentyabr baş vermiş antiterror əməliyyatlarında Xocalının Muxtarkənd, Daşkənd azad edilməsində iştirak edib, Xankəndi şəhərinin "Xaç Postu" deyilən yüksəklik uğrunda gedən döyüşlərdə Şəhid olub.
Məmmədhəsənov Qasim Bilal oğlu 21 sentyabr 2023-cü ildə yaşadığı Qaraqaşlı kəndində dəfn edilib. Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğma kəndində abidə kompleksi inşa edilib.
“Qasim həmişə uşaq vaxtlarında deyirmiş ki, “mən gələcəkdə hərbi xidmətə gedəndə şəhid olacağam”. Elə də oldu… Qasim ən ali zirvəyə - Şəhidlik mərtəbəsinə ucaldı”.
Bu sözləri “Qafqazinfo”ya Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan Qasim Məmmədhəsənovun yaxınları deyib.
Şəhid Məmmədhəsənov Qasim Bilal oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda" medalı ilə təltif olunub.