Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də baş leytenant Nəbi Hüseynovdur.
Şəhid Nəbi Hacıbala oğlu Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbinin I sinfinə daxil olub, 2006-cı ildə həmin məktəbin VIII sinfini bitirib. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-2008-ci illərdə hərbi məktəbdə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2012-2013-cü illərdə “N” saylı hərbi hissədə xidmət edib. 2013-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissələrində xidmətə başlayan Nəbi qrup komandirinin müavini olub.
Baş leytenant Nəbi Hüseynov 9 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Elə həmin gün Birinci Şıxlı kənd qəbristanlığında izdihamla dəfn edilib.
Sağlığında "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülən Nəbi Hüseynov şəhadətindən sonra Cənab Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə"medalları ilə təltif edilib.
Atası Hacıbala Hüseynov oğlu ilə hər zaman qürur duyduğunu deyir:
“Aprel döyüşlərinin də iştirakçısı olub. Ondan sonra xüsusi təyinatlılara keçib. Çox sakit təbiəti, ciddi xasiyyəti var idi. Müharibə başlayanda, orada olduğunu demədi. Zəng edəndə deyirdi, "Sumqayıtda işləyirəm". Şəhid olmamışdan bir gün qabaq zəng etmişdi. Soruşdum ki, "Haradasan?", dedi, "İşdəyəm". Sabahı da şəhid xəbərini eşitdik”...
Anası Gülarə Hüseynova Nəbini evləndirmək istəyirmiş, bunun üçün elçiliyə də hazırlaşırmışlar...
"Evin son beşiyi idi, fikirlərimi sirlərimi onunla bölüşürdüm. O, evə gələndə dərdimi unudurdum. Bir dəfə məni utandıracaq iş görməyib”, - deyə anası Gülarə Hüseynova əlavə edir.