2021/09/SH-AR-1632508298.jpg

line
Adı: Abbaslı
Soyadı: Arif
Ata adı: Firuz
Doğum tarixi: 15.12.1993
Şəhid olub: 12.10.2020
Rütbəsi: Baş leytenant
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Şəhidlik mənəviyyat, əbədiyyət zirvəsidir. Bəşəriyyət bu zirvəylə qürurlanır. Bəşəri yaşadan bu qürurdur. Nisgilimizdir, kədərimizdir, ürək ağrımızdır, həm də qürurumuzdur şəhidlər. Vüqarımızdır, fəxrimizdir, ölməzliyimizdir, örnəyimizdir...

Xalqımızın düşmənlə ölüm-dirim mübarizəsində şəhid olan igid oğullarından biri də Abbaslı Arif Firuz oğludur. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş leytenantı Abbaslı Arif 1993-cü il, dekabrın 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlib. 2000-2008-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2009-2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Arif Türkiyədə paraşütçülük, dağa dırmanma, üzgüçülük təlimlərində iştirak edib.

Azərbaycan Ordusunun baş leytenantı Arif Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Füzulinin azadlığı uğrunda döyüşüb. Döyüş yoldaşları deyir ki, şirürəkli Arif həm də Hadruta ilk ayaq basan hərbçilərimizdən olub.Hadrut əməliyyatının uğurlu olmasında onun rolu yüksək qiymətləndirilir. Şəhadətindən sonra onu "Hadrut Fatehi" deyə anırlar.


Arif Abbaslı oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. . Vəsiyyət etdiyi kimi II Fəxri Xiyabanda General Polad Həşimovun dəfn olduğu sırada torpağa tapşırılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığının yerinə yetirilməsində göstərdiyi qəhrəmanlığa, həmçinin hərbi vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı "Qarabağ" ordeni ilə təltif edilib.



Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına uyğun olaraq isə Arif Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə də təltif edilib.



Cəsur döyüşçü, həmçinin Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə də təltif edilib.

Ailəli idi. Ləman adlı qızı yadigar qaldı.