2021/01/ferid-1611749612.jpg

line
Adı: Hacıyev
Soyadı: Fərid
Ata adı: Təşkilat
Doğum tarixi: 04.10.1989
Şəhid olub: 30.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

Azərbaycanı işğalçılardan təmizləmiş, öz qanları ilə tarixin şanlı səhifələrini yazmış və şirin canlarını Vətən yolunda fəda etmiş şəhidlərimiz heç vaxt unudulmayacaq.



Əbədiyaşar qəhrəmanlarımızdan biri də şəhidimiz Fərid Təşkilat oğlu Hacıyevdir.



Fərid Hacıyev 1989-cu il oktyabrın 4-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Fərid cəmi 4 yaşı olanda doğma yurdu Cəbrayıldan didərgin düşüb... Və elə vətən həsrəti ilə də böyüyüb. Hərb sənətinə məktəb vaxtlarından maraqlı idi. Cəsurlar və çeviklər, idmanın yüngül atletika növlərində məktəb komandasının tərkibində xüsusi fərqlənərək, diqqətləri özünə çəkmişdi. 2005-ci ildə Şirvan şəhərində təşkil olunmuş “Şahin” hərbi idman oyunlarının zona yarışlarında iştirak edərək 14 komanda arasında IV yeri tutan “Şahinlər” komandasının kapitanı məhz Fərid Hacıyev idi.


Fərid Təşkilat oğlu Hacıyev 2006-cı ildə Biləsuvar rayonundakı məcburi köçkün qəsəbəsinə fəaliyyət göstərən İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbini bitirib. Vətənə olan sevgisi onu həqiqi hərbi xidməti bitirdikdən sonra yenidən hərbi xidmətə getməyə sövq edir. Və o, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Silahlı Qüvvələrdə qalır...



Şəhidin həyat yoldaşı Azadə xanım danışır:“Fəridlə biz 2011-ci ildə ailə həyatı qurduq. Çox mehriban, hər şeylə maraqlanan insan idi. Fərid övladlarına qarşı qayğıkeş ata olub. Eşqin və Əli adlı 2 oğlumuz var. Həyat yoldaşım Vətəni, torpağı canından da çox sevirdi. Elə Vətən yolunda da canını fəda etdi”.



Fərid Vətən müharibəsindən bir ay əvvəl təlimlərə qoşulub. Müharibə başlayanda isə döyüşlərə tam hazırlıqlı şəkildə cəbhəyə yollanıb.



Xanımı Azadə Hacıyeva : “Həyat yoldaşım hər söhbətimizdə Cəbrayılı görmək, rayonun azad olunmasında iştirak etməyi arzulayırdı. Bir tək arzusu var idi: Cəbrayılı azad etmək, doğma torpaqlarda şəhid olmaq...


Müharibədə olan zaman övladlarımızdan ötrü çox darıxırdı. Zəng edəndə məndən özümüzdən müğayət olmağımızı, oğullarımızı savadlı böyütməyimizi istəmişdi”.



Fərid Hacıyev 2014-cü ildən həyatını hərbi sahə ilə bağlayb. İlk vaxtlar Beyləqanda, daha sonra Lələtəpədə xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.



“Fəridin cəsurluğundan onu tanıyan hər kəs danışır. O, yaralanmağına baxmayaraq yenə də döyüşlərdən qalmamışdı. Qorxusu yox idi, torpaqlarımızı azad etmək istəyi onda hər şeydən güclü idi”, - şəhidin həyat yoldaşı deyir



Azadə xanım söhbətə davam edir:



“İndi uşaqlarımız Fəridi soruşur, “ata hardadır?”,- deyə soruşurlar. Mən isə ətraflı cavab verə bilmirəm. Cavab verəndə də “Ata ən uca zirvədədir” deyib onları ovuduram.


Mənimlə eyni qisməti yaşayan şəhid qadınlarına onu demək istəyirəm ki, dözümlü olun, yoldaşlarımız ən uca, şərəfli məqama yüksəlib”.



Fərid Hacıyev Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.


Fəridin gələcək üçün çox planları var imiş...



“Başda doğulduğum Cəbrayıl rayonu olmaqla Laçının, Şuşanın azad olunma xəbərini ailəmə verərək, onları sevindirəcəm. Onlara Cəbrayıldan bir ovuc torpaq aparacam” deyən Fəridin bütün arzuları elə onunla birgə şəhid olur.


 


Bacısı deyir ki, Fəridlə onun doğum günü eyni tarixdə, oktyabrın 4-dədir:



“Mənə “Bacı, bir həftə sonra gələcəm, hər il olduğu kimi səni ad günündə tək qoymayacam” dedi. Amma, sözünü tuta bilmədi...”.



Bacı qardaşını ad günündə qucaqlamağı xəyal edərkən, oktyabrın 1-də onun tabutuna sarıldı...



“Mən onu qucaqlayıb, necə darıxdığımı söyləməyi xəyal edirdim. Amma, o, məni bir ömürlük tək qoydu”.



Şəhidin qardaşı Yalçın Hacıyevin sözlərinə görə, müharibə zamanı Fəridin idarə etdiyi maşını erməni tərəfi yarasız hala salıb:



“Fərid ilk vaxtlar sürücü idi. Döyüş zamanı Fəridin maşını qarşı tərəfin açdığı atəş nəticəsində yarasız hala düşür. Sonra Fərid döyüşçü kimi mübarizə aparır”.



F ərid Hacıyev sentyabrın 30-da Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaralı mayoru döyüş bölgəsindən çıxaran zaman minaya düşərək, şəhid olub.



Yeri gəlmişkən, Fəridin qardaşı Samid Hacıyev də cəbhə bölgəsində hərbi xidmətə davam edir.



Fərid şəhid olanda hər bir valideyn kimi atası Təşkilat Hacıyev ə də övlad itkisi ağır gəlmişdi. O, Fəridinn şəhid olduğu barədə xəbəri alandan sorna bərk sarsıntı keçirmiş, infarkt olmuşdu. Ürəktutması səbəbi ilə “Zəfəran” klinikasında cərahiyyə əməliyyatına məruz qalan şəhid atası təəssüf ki, elə oradaca koronavirus infeksiyasına yoluxdu. Vəziyyəti ağırlaşanda onu Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasına yerləşdirdilər.
Fəridin anası Zəminə Quliyeva həyat yoldaşı Təşkilat Hacıyev ağır vəziyyətdə olanda müvafiq qurumlardan kömək istəmişdi...


Təəssüf ki, xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulan şəhid atasını xilas etmək mümkün olmadı... 2020-ci il dekabrın 20-də övlad itkisinə dözə bilməyən ata da bu dünyadan köçdü...


Fərid Hacıyev şəhid olmazdan öncə vəsiyyətində iki azyaşlı övladını – oğlanları Eşqin və Əlini atasına əmanət etsə də, amansız xəstəlik Təşkilat kişiyə oğlunun əmanətə sahib çıxmağa imkan vermədi.


Şəhid Fərid Hacıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” , "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.