Emil Əsədov 2004-2012-ci illərdə doğulduğu kənddə natamam orta təhsilini başa vurduqdan sonra, 2012-2015-ci illərdə C.Naxçıvanski adına Hərbi Litseydə oxuyub. Ali hərbi təhsilini isə 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə alıb.
Hərbi xidmətinə 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda şəhərində "N" saylı hərbi hissədə "leytenant" hərbi rütbəsi ilə başladı. Vətən müharibəsində Taqım Komandiri olaraq Hadrutun, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı Ermənistan Ordusunun 90-dan çox canlı qüvvəsini və 14 texnikasını məhv edib, bir neçə dəfə silah yoldaşlarını mühasirədən çıxarıb, buna görə də "Qaya 11" ləqəbini qazanıb. Döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Emil Əsədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Salyan rayonunda dəfn olunub.
Şəhid zabitin anası oğlu haqda qürurla danışır:
“Balamı noyabrın 8-də gündüz dəfn etdik, gecə Qələbə müjdəsi eşitdik. Sevindik ki, balalarımızı qanı yerdə qalmadı. Biz onları çox çətinliklə böyütmüşdük .Bacısı Emiliya da Emil də çox savadlı və intizamlı şagird olublar. Emil çox istedadlı idi. Cəmisi 2 ay repetitor müəllim yanına getməklə Hərbi Liseyə qəbul olundu . Oğlum düz 7 il hərb sənətini oxumuşdu...hərbi xidmətində o qədər intizamlı idi ki, imkan tapıb yeganə bacısının toy məclisində də iştirak edə bilməmişdi... bu yaxınlarda bizə gələn döyüş dostları dedilər ki, düşmənə qan uddurduğu üçün ermənilər onun başına pul qoyublarmış. Dostlarının dediyinə görə, Emil elə komandir olub ki, özü şəhid olsa da onun taqımından 35 nəfər əsgərin hamısı sağ-salamat qalıb...”
Atası Balaqardaş Əsədov deyir ki, oğlu həmişə Vətən uğrunda şəhid olmağın şərəfli ölüm olduğunu deyərdi.
“Həmişə mənə deyirdi ki, gəlib mülki həyatda 55-60 il yaşayıb ölməkdənsə döyüş meydanında şəhid olmaq şərafətlidir. Amma mən plan qururdum ki, onu evləndirim, qismət olmadı...”
Valideynləri deyirlər ki, Emil şəhid olmasından 1 gün əvvəl, noyabr ayının 6-da evlə əlaqə saxlayıb. “Tanımadığımız bir nəfər bizə zəng vuraraq Emildən nigaran qalmamağımızı deyəndə qorxduq. Atası da , mən də elə bildik başına iş gəlib. Ona görə telefondakı tanımadığımız adamı sorğu-suala çəkdik. Bu vaxt Emil özü ratsiya ilə telefona qoşularaq döyüşdə olduğunu, ona mane olmamağımızı istədiyini deyəndə sakitləşdik”-anası söhbətə davam edib deyir.
Həyatda yeganə oğullarını itirən Təranə xanım da, Balaqardaş kişi də deyirlər ki, Emildən sonra sanki onlar da bu dünyadan köçüblər, yaşamırlar.
“Komandirləri dedi ki, Emil döyüşlərdə göstərdiyi rəşadətə görə daha yüksək fəxri ada layiq görülməsi üçün təqdimat verilib. İndi bizim ən böyük arzumuz bu təqdimatın təsdiqini görməkdir”,-şəhid anası bildirir.