Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizdən biri də Məmmədağa Səfərovdur.
Məmmədağa Səfərov 1997-ci il mayın 10-da Bakı şəhərində anadan olub. Yasamal rayonundakı A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə oxuyub. Məmmədağa Səfərov 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetində ali təhsil alıb. Təhsilin son pilləsində Məmmədağa Vətənə qayıdır, ailəsinə deyir ki, təhsilini dondurub və hərbi xidmətini bitirdikdən sonra davam edəcək.
2019-cu il oktyabrın 8-də Qusar rayonuna hərbi xidmətə yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının alınmasında iştirak edib. Oktyabrın 21-də Xocavəndin Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub
Məmmədağa Səfərov ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimizin adı təhsil aldığı Türkiyənin Balıkəsir Universitetində də əbədiləşdirilib.