1995–2020-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində tank komandiri xidmət edib. 29 sentyabr 2020-ci ildə Vətən müharibəsində şəhid olub. 2 oktyabr 2020-ci ildə dəfn olunub.
Şəhidimiz evin böyük övladı olub. Həyat yoldaşı Nüşabə Budaqova deyir ki, Rufiz şəhid olan günü onlarla ilgi saxlayıb:
“O, tank fərmandehi idi. Mənə zəng etdi, dedi ki, məndən nigaran qalmayın. Həmin vaxt əlaqə kəsildi. Murov yüksəkliyi uğrunda qəhrəmancasına döyüşüb. Rufiz mehriban adam idi. İşlə əlaqəli evdə çox olmurdu. O, evə gələndə bizim üçün bayram olurdu. İşini çox sevirdi. Tankda hər hansı bir problem olan zaman onu özü söküb düzəldirdi. Vətəninə, torpağına bağlı insan idi. Onun üçün də döyüşə ilk gedənlərdən oldu”. Qeyd edək ki, gizirimizdən iki qız, bir oğlan övladı yadigar qalıb…
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufiz Budaqov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufiz Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
memorial.az