2021/01/maxre-1611898429.jpg

line
Adı: Əbilzadə
Soyadı: Sübhan
Ata adı: Arif
Doğum tarixi: 23.04.1998
Şəhid olub: 06.11.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vətən müharibəsinin şəhidlərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Sübhan Arif oğlu Əbilzadədir. Sübhan Əbilzadə 23 aprel 1998-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Nərimankənd kənd tam orta məktəbində orta təhsil alıb.



Sübhan həqiqi hərbi xidmətini başa vurduqdan sonra da hərbidən ayrılmayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak edib, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid Sübhan Əbilzadə 7 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nərimankənd kənd məzarlığında dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” , "Döyüşdə fərqlənməyə görə" “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.



Sübhanın atası Arif Əbilov deyir ki, oğlu Sübhan ilk gündən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlində Füzuli uğrunda döyüşlərdə kürəyindən və baldırından qəlpə zərbələri alıb. Xəstəxanada müalicə olunandan sonra anası ondan döyüş bölgəsinə qayıtmamasını istəsə də, “Ana, mənim komandirim yaralanıb, mən burda qala bilmərəm”, deyərək yenidən döyüşə, döyüşçü yoldaşlarının yanına yollanıb.



Noyabrın 6-da Qubadlı uğrunda döyüşlərdə yüksəkliyi ələ keçirərkən boğazından aldığı minomyot qəlpəsi şah damarını kəsib və uğrunda döyüşdüyü zirvənin alınmasının şahidi olmasa da şəhidlik zirvəsinə yüksəlib.



Sübhan nişanlı imiş, toy edib gəlin gətirmək isə ona qismət olmayıb. Şəhidi böyüdüb boya-başa çatdıran anası Gülarə Ağayeva əvvəlkitək səhərlər evin aynabəndinə çıxaraq asta səslə Sübhanı çağırır:

“Əvvəl səhərlər ev işlərini görərkən Sübhanı çağırırdım, gəlirdi. İndi də səsləyirəm, deyirəm, "Ay Sübhan, soyuqdur axı, bala, evə gəl". Amma Sübhan yoxdur. Nə qədər ki, onun başdaşına şəkli vurulmamışdı, elə bilirdim Sübhan qayıdacaq. Məzarı üstündə şəklini görəndən sonra bildim ki, daha Sübhan gəlməyəcək... Döyüşə gedəndə mənə bayraq verib dedi ki, bunu qapımızdan asarsan, qolundan da saatını açıb verdi, dedi "bunu bağlı bir yerə qoy".



Sübhanın bioloji anası Gülsabah Əbilova deyir ki, övlad onun olsa da, Sübhanı böyüdən, onun nazını çəkən anası Gülarə xanım olub:

“Anası hər şeyi danışdı, mən daha nə deyim? Arzusu bu idi ki, nişanlısı ilə anasını Şuşaya aparsın. Uşağım şəhid olandan iki gün sonra qələbə çalındı”.

Sübhanın bacısı Əminə Əbilova qardaşının şəhid olacağını bildiyi üçün atası ilə danışaraq sağollaşdığını deyir:

“Sübhan şəhid olduqdan sonra döyüş yoldaşları müharibə zamanı çəkilən videoları bizə göndərdilər. Videolardan biri çəkiləndən bir saat sonra Sübhan döyüşdə şəhid olubmuş.

Sübhan danışanda deyirdi ki, işğaldan azad edilən yerlər cənnət-məkandır, buraya boğulan, nəfəs ala bilməyən insan gəlsə, rahat nəfəs alar.
Sübhan birinci dəfə yaralananda onu ərazidən çıxarmaq üçün maşına qoyublar, həmin vaxt maşın da vurulub. Onu yanan maşının içindən çıxarıb xilas ediblər. Ona deyiblər ki, "Daha gedirsən, qayıtma". Amma Sübhan döyüş yoldaşlarını tək qoymamaq üçün yenidən döyüşə qayıdıb və şəhid olub”.