Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də 25 yaşlı şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur. Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax rayonunda anadan olub. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin I sinfinə daxil olub, 2012-ci ildə məzun olub.
Adil elə həmin il tələbə adını qazanıb, 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim işi” ixtisasını bitirib. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlayıb.
"N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Əfəndiyev 22 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qəhrəman şəhidimiz ayın 25-də Qazax şəhər qəbristanlığında izdihamla dəfn edilib.
25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirilib. O, ölümündən sonra cənab Prezidentin Sərəncamlarına əsasən, "Vətən uğrunda” , "Şuşanın azad olunmasına görə” , "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Şəhidin anası Afət xanım deyir ki, oğlu həkim olsa da, özünü hər zaman əsgər kimi hiss edirdi. Şəhidlik zirvəsi onun üçün ən müqəddəs məqam olub:
"Adil Naxçıvanda, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Müharibə başlayandan sonra, 18 oktyabrda onlar döyüş bölgəsinə, Füzuli rayonuna gətirilib. O, Qubadlı istiqamətində gedən döyüşlərdə yaralı komandiri Anar Əliyevin həyatını xilas edərkən şəhidliyə ucalıb. Adilə əmr ediblər ki, həkimlər irəli getməsin, yaralı əsgərləri sanitarlar döyüş bölgəsindən çıxarsın. O da deyib ki, "Mən komandirimi özüm xilas etməliyəm" . Oğlum özünü əsl döyüşçü kimi aparırdı. O, heç vaxt arxada gözləyə bilməzdi. Əsgərlərlə yan-yana xidmət edib, sonra da şəhidliyə ucaldı. Döyüş yoldaşlarının dediyinə görə, yaxınlaşıb yaralının vəziyyəti ilə maraqlanıb, yaralarını sarıyıb, həmin an təkrar atılan minaatan nəticəsində özü də qəlpə yarası alıb. Adil və xilas etmək üçün canından keçdiyi komandiri şəhidlik zirvəsinə ucalıb".
Şəhid anası söyləyir ki, oğlunun gələcəklə bağlı çoxlu arzuları, xəyalları var idi:
"Rezidenturaya hazırlaşırdı. Deyirdi, "Evlənmək üçün hələ tezdir, öncə təhsilimi davam etdirməliyəm" . Sonuncu dəfə ötən ilin dekabr ayında məzuniyyətə gəlmişdi, onda görüşə bildik. 2020-ci ilin avqustunda məzuniyyət götürsə də, pandemiya ilə bağlı Naxçıvandan gələ bilmədi. Görüş üçün gün sayırdıq, yenidən gəlməli idi, 25 günü qalmışdı...".
Ana oğlunun müharibəyə getdiyindən xəbərsiz olub. Anası nigaran qalmasın deyə, Adil cəbhəyə aparıldığını təkcə atasına deyib. Dönə-dönə tapşırır ki, anası bilməsin:
“Oktyabr ayının 18-nə kimi telefonla danışırdıq, sonra əlaqəmiz kəsildi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi üçün tez-tez dağa qalxırdılar. Sonuncu dəfə mənə dedi ki, "Ana, dağa çıxırıq yenə, zəng çatmasa narahat olma" . Mən də ağladım. Dedi, "Niyə ağlayırsan, hər zaman getdiyim yerlərdir, narahat olma, gələcəyəm".Atası isə onun müharibədə olduğunu bilirdi".
Ana titrək, lakin bir o qədər də məğrur səslə bildirir ki, Adilin canında, qanında Vətən sevgisi uşaqlıqdan var idi. O, Xüsusi Təyinatlı olması ilə daim fəxr edib:
“İlk şəhid hərbi həkim Turqut Xəlilbəyli ilə qrup yoldaşıydılar. "Status"-larına qoyurdu tez-tez. Görüb tanıdım, bildim ki, həmin Turqutdur. Ana ürəyidir, dözə bilməyib ağladım. Mənə dedi ki, "Ay ana, niyə ağlayırsan, hər adama qismət olmur o zirvə, təki mən də ucala biləm".
Vətən uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən Adil Əfəndiyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhu şad, məkanı cənnət olan Şəhidim!..