“Qartal həmişə dağ başında olar” deyərək, haqqın ən uca zirvəsinə yüksəldi "Canavar" təxəllüslü Rəşad Abdullayev. 1941-1945-ci illər Böyük Vətən müharibəsinin qəhrəmanı olan babası Məmmədağa Abdullayevin "aslanım" dediyi nəvəsinin damarlarında axan qanı Vətən Müharibəsinin ən yüksək zirvəsinə ucaltdı onu.
Ata-ananın tək oğlu, 3 bacının yeganə qardaşı olan Abdullayev Rəşad Arif oğlu 14 sentyabr 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 1995-2003-cü illərdə Göytəpə şəhər 1 saylı tam orta məktəbində təhsil alan Şəhidimiz 2003-2006-cı illərdə təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. 2006-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq, 2010-cu ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmrilə leytenant hərbi rütbəsi alıb.
Daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilib, burada da təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə 24.06.2010-cu il tarixindən 12.12.2011-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tank əleyhinə Tağım Komandiri vəzifəsində xidmət edib.
2011-ci ilin dekabrında XTQ kursu keçmək üçün ezam olunub, kursu bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 08 iyul 2012-ci tarixli əmrilə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunub. Müharibə başlayanda vəzifəsi “N” saylı hərbi hissədə komandir müavini, kapitan qərərgah rəisi, tabor komandiri idi. Kapitan Abdullayevə xüsusi şücaətinə görə vaxtından tez 2 rütbə artıq təqdim ediləndə isə bundan imtina etmişdi.
Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun özü kimi məğrur həyat yoldaşı Gülnar xanım danışır:
- Rəşadla 2012-ci ilin sentyabrında tanış olmuşduq. 15-i məni görüb, 16-sı tanış olmağa gəlmişdi. Elə o vaxtdan “səni bir gün də olsun buraxmayacağam” dedi. Əvvəl Rəşadı istəməmişəm, amma sevgisi məni ona bağlayıb. Rəşadı yaxından tanıyanda isə başa düşdüm ki, vazkeçilməz insandır.
Yaş yarımlıqdan atamın üzünü belə görmədən itirmişəm, nə bacım var, nə də qardaşım. Rəşadla tanış olanda bunların hamısını bilirdi. Mənə dedi ki, “bundan sonra sənin atan da, qardaşın da, bacın da mənəm”. Elə də oldu. Həqiqətən də təsəvvür etməzdim ki, sözünün üstündə duracaq. Mənimlə balaca bir uşaq kimi davranırdı Rəşad. 2013-cü ilin sentyabrın 8-i ailə qurmuşuq. O gündən atanın necə olduğunu bilmişəm. Rəşadda gördüm bir ata evə gələndə uşağı sevindirmək üçün əlində nəisə gətirər. Övladımız olmamışdan atalığın necə olduğunu göstərdi mənə. Birinci qız övladımız olub. Qızına çox bağlı idi Rəşad. Qızımız nə istəsəydi, onu hər zaman, gecə də olsa, edərdi. 2-ci övladımız oğlan olub. Atası ilə bir-birinə çox bağlı idilər. Oğlum hələ də atasının yolunu gözləyir. Amma qızımız bildirməsə də, hər şeyi başa düşür.
Sentyabrın 26-sı Rəşad gedəndə demişdi ki, “1 həftəyə sağ-salamat qayıdacağam, bir arzum var, gəlim, onu edəcəyik”. Rəşad gedəndə uşaqlar yatmışdılar, o qədər onların boyunlarından, əllərindən öpdü ki... elə bil, hiss etmişdi ki, geri dönməyəcək. Telefonla danışanda da “ermənilər bizim üçün heç nədir, narahat olma, mənə heç nə olmayacaq. Uşaqlar nə istəsələr al, puldan narahat olma, əsas uşaqların ürəyincə olsun, darıxmasınlar mənim üçün”,- demişdi.
İnana bilməzdim ki, Rəşad .əhid olacaq. Çünki aprel döyüşlərində 4 gün mühasirədə qalıb, ermənilərə qan udduran oğul idi. Həmişə ən böyük qorxum onu itirmək olub. Bir gün uşaqlarımız mənim kimi tək qalar deyə çox qorxmuşam. Çünki biz həmişə hərbçi həyatı yaşayırdıq, bilirdi ki, hər an ölümlə üz-üzədir. Hər təlimə gedəndə adsız zəngləri qorxa-qorxa açmışam ki, nəisə eşidəcəyəm və dünyam dağılacaq. Hətta Şəhadətə çatmamış yaralı olanda döyüş yoldaşına deyib ki, uşaqlarımı yetim qoymaq istəməzdim. Amma Vətəninə çox bağlı idi Rəşad. "Vətən" deyəndə ağzında dili quruyardı, həddindən artıq çox sevirdi Vətənini. Elə ona görə də canını Vətəninə fəda etdi. Rəşadın şəhadəti xəbəri gələndə təsəvvür edə bilməzsiniz ki, dünyam necə dağıldı. Həyat söndü mənim üçün. Düzdür, yaşayıram, nəfəs alıram, amma buna onun əmanətlərinə görə məcburam. Şəhid xanımı olmaq çətin, amma qürurludur.
Rəşad sağkən də Onunla həmişə qürur duyurdum, ölümü də qürurlu oldu. Rəşad kimi bir oğulun adı ölümə layiq ola bilməzdi. Ancaq şərəfli ölümə layiq olardı O. Elə oldu da. Rəşad deyirdi ki, “Gülnar, bəlkə getdiyim yerdə öləcəyəm. Onda deyəcəklər ki, Rəşad öldü. Amma Şəhid olmaq şərəfdir”. Həmişə sözü bu idi: “Şərəfli yaşa, şərəfli öl”.
Oğlumuz Məmmədağanı özü kimi kəşfiyyatçı və yaxud hərbi həkim, qızımız Rüqəyyanı isə hərbçi, ya da həkim kimi görmək istəyirdi. Övladları ilə bağlı o qədər azuları, istəkləri vardı ki. Təəssüf, qismət olmadı.
Ailəsinə, sevdiklərinə, qohumlarına çox bağlı idi Rəşad. Mehriban, gülərüz, xeyirxah, mərd, zəhmətkeş, işini, peşəsini sevən, Vətəni uğrunda canını verən Azərbaycanın qeyrətli, igid oğlu idi. 27 sentyabr 2020-ci il Murov dağına öz hərbi dəstəsi ilə ilk ayaq basan, ən öndə gedərək 34 erməni postunu alan, Murova Azərbaycan bayrağını birinci sancan, düşmənlə üzbəüz vuruşub sinəsindən yaralanan, 20 saat yaralı qalmasına baxmayaraq, zabitlərindən ayrılmayan, yaralı-yaralı ayağa qalxıb onlara yol göstərən, zabit yoldaşlarına əziyyət verməmək üçün Onu daşımalarına razı olmayıb, irəli getmələrini əmr edən, neytral zonada yaralı qalaraq, Murov yüksəkliyində Şəhid olan Qəhrəman idi Rəşad Abdullayev.
Ağdərə, Kəlbəcərdə düşməni lərzəyə salan neçə-neçə əməliyyatların iştirakçısı olub. 2020-ci ilin sentyabrın 29-da Kəlbəcər istiqamətində qəhrəmancasına döyüşərək, Şəhadətə qovuşdu”.
Xeyli kəşfiyyat əməliyyatlarında iştirak etmiş Rəşad Abdullayev hər bir tapşırığın öhdəsindən gələrək, böyük nailiyyətlər əldə edib:
1)Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2008-ci il tarixili əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunub;
2)Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif olunub;
3)Aprel döyüşlərində iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub;
4)Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2017-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub;
5)Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub;
6)Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub;
7)2014-2015-2017-2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərinin iştirakçısı olaraq fərqlənmə ilə bitirib.
Yaxın zamanda rütbəsinin yenə də qalxacağı gözlənilirdi. Elə də oldu. Ən ali rütbəni 29 sentyabr 2020-ci il Vətən uğrunda ən uca məqama - Şəhidlik zirvəsinə qalxdığı gün aldı Rəşad Abdullayev.
Şəhidimiz Abdullayev Rəşad Arif oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhadətindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda” medalları ilə təltif edilib.