2021/01/Scree-1611918173.jpg

line
Adı: Əliyev
Soyadı: Səmid
Ata adı: Xoşbəxt
Doğum tarixi: 05.06.1998
Şəhid olub: 01.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Yurd üçün, bu sevgili məmləkət üçün neçə canlar şəhid oldu. Həmin şəhidlər bizə azadlığın verilmədiyini, alındığını sübut etdilər. Onlar vətən sevgisinin nə olduğunu, suyunu içdiyimiz, havası ilə nəfəs aldığımız torpağın nə qədər əziz olduğunu bizə göstərdilər. Əliyev Səmid Xoşbəxt oğlu da bizə bu sevgini aşılayan həmin o igid oğullardan biridir. 



Şəhidimizin bacısı Gülnar xanım fəxrlə qardaşı haqqında olan hisslərini belə dilə gətirdi:



"Qardaşım müharibə başlayan ilk gündən könüllü olaraq getmişdi. Evə zəng edəndə də heç nə danışmırdı. Sadəcə deyirdi ki, narahat olmayın, burada hər şey yaxşıdır. Sonuncu də dəfə, sentyabr ayının 29-u anamla gülə-gülə danışmışdı. Çox vətənpərvər idi. General Polad Həşimov şəhid olanda o, gecə saat 3-ə kimi orada oldu. Qayıdanda anama demişdi ki, şəhid olmaq necə də şərəfli ölümdür. Ailədə də mehriban insan idi. Mənim 13 yaşım olanda o dünyaya gəlib. 3 bacının bir qardaşı idi. Hamımız ona uşaq kimi davranırdıq, uşaq kimi baxırdıq. Sən demə o hamımızdan böyük imiş..."





Turanə xanım da əmisioğlu ilə bağlı xatirələrini bizimlə bölüşdü:
"Əmimoğlunun 22 yaşı vardı. Bu bir qədər insana böyük kimi görünə bilər. Amma o bizim gözümüzdə o qədər ərköyün, uşaq kimi idi ki... Oturub fikirləşəndə onun heç bir pis sözünü, pis bir əməlini xatırlamıram. Hər kəsə çox gözəl münasibət bəsləyirdi. Mənə adımla belə müraciət etmirdi. Həmişə mənə bacı deyirdi. Nişanlı idi. Hamımız onun toyuna hazırlaşırdıq. Hələ də inana bilmirəm. Mənə deyəndə Səmid şəhid olub, həqiqətən inanmamışdım. Onun yasına gedənə qədər... Ora gedəndə  Səmidin çərçivəyə salınmış şəklini gördüm. Sanki şəkil insanla danışırdı. Düzdür, Səmid şəkil çəkdirməyi sevmirdi. Toylarda belə məcbur onunla şəkil çəkdirə bilirdik. Hər şəkildə də gülümsəyirdi. Onunla yaşadığımız o qədər gözəl anlar, xatirələr var ki...
Uşaqlığımız demək olar ki, bir yerdə keçib. Bir yerdə böyümüşük. Velosiped sürməyi bir yerdə öyrənmişik. Nə bilim, danışanda insan qəribə hisslər keçirir. Hələ də elə bilirəm ki, həmin iş yerində işləyir, evə gəlir. Ölümünə inana bilmirəm. O həqiqətən də bizim hamımız üçün sağdır."




Qeyd edək ki, Əliyev Səmid 5 iyun 1998-ci ildə Sumqayıt şəhərinin, Corat qəsəbəsində dünyaya göz açıb. 1 oktyabr tarixində isə Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.