O, uşaqlıqdan hərbçi olmaq istəyib və bu arzusuna 2010-cu ildə çatıb. Heydər Əliyev adına Ali Hərbi Məktəbi yüksək göstəricilərlə başa vurduğu ildən Murovdağ istiqamətində yerləşən “N” saylı hərbi hissədə bölük komandiri kimi vətənə xidmətə başlayıb. Hərbi rütbələrini vaxtından əvvəl alan Mahmudov, Vətən müharibəsinin başlamasına az qalmış hərbi məktəbin magistr pilləsini də başa vurub.
Vətən müharibəsi başlayanda kapitan C.Mahmudovun komandiri olduğu həmlə taboru Füzulinin Əhmədbəyli kəndi istiqamətində əks hücum əməliyyatları keçirib. Onun taborunun şəxsi heyəti düşmənin Füzuli rayonu istiqamətində alınmaz hesab etdiyi yüksəkliklərdə bayrağımızı dalğalandırıb. Qəhrəmanımız, sayca 5-ci yüksəkliyə bayrağımızı sancarkən, düşmən snayperi tərəfindən vurulub. Əsgərlərinə “Yalnız irəli!” əmrini verən komandir, komandanlığın qarşıya qoyduğu tapşırığın icrasını canından üstün tutub.
Şəhid kapitanımızın qardaşı Nəbi Mahmudov onu xatırlayarkən belə deyir: “Ayın 2-də sonuncu danışığında dedi ki, qardaş, mən bura Vətən müharibəsində döyüşməyə gəlmişəm. Biz Koroğlu nəslinin nümayəndəsiyik, mən sənə söz verirəm ki, Füzuli rayonunun mərkəzinə bayrağı özüm sancacam. Qardaşım şəhid olandan sonra Füzulidə olub, onun keçdiyi istehkamları görəndə fəxr hissi keçirdim, düşmənin oradakı istehkamları daha möhkəm idi”.
Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülən kapitan şəhid Cavid Hilal oğlu Mahmudov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif olunub.