O, ümumi orta təhsilini 28 nömrəli tam orta məktəbdə alıb. Elmir Nəcəfov 1 nömrəli Gəncə peşə liseyində təhsilini davam etdirib. Əsgərliyə getmədən öncə yaxınlarına "ürəyimə damıb ki, şəhid olacağam" deyən Elmir anasına da "şəhid olsam, ağlama, başını dik tut" deyib son görüşündə.
Qardaşının sözlərinə görə, Elmir hər zaman Mübariz İbrahimov haqqında videolara baxıb deyirmiş ki, "gör, necə oğullar gedib bu dünyadan". Elmir hələ uşaq ikən "Canımı bu Vətənə verərəm" söyləyib.
Videolarda əks olunan bu görüntülər bir daha göstərir ki, bu oğullar elə Vətən üçün doğulurlar.
Elmir Nəcəfov 2020-ci il oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elmir Nəcəfov ölümündən sonra
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
memorial.az