...Təəssüf ki, anası Almaz xanım xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün Əhməd təhsilini davam etdirə bilməyib. 2009-cu ildə 9-cu sinifdən çıxmaq məcburiyyətində qalıb. Atası ilə birlikdə işləyib ki, anasının dərmanlarını ala bilsin. Heyhat, anası 2011-ci ildə vəfat edib.
Əhməd 2012-ci il oktyabrın 1-də Füzulinin Horadiz kəndində kəşfiyyatçı çavuş olaraq xidmətə başlayıb. 2014-cü ildə qayıtdıqdan sonra bir müddət HMD-də (Hərbiləşdirilmiş Mühafizə Dəstəsi) işləyib. 2017-ci ildə yenidən hərbi xidmətə qayıdıb, Gəncədə MAHHXHQ tankçı, baş mexanik, sürücü olaraq xidmət göstərib, sonra Mingəçevirdə davam edib. Türkiyədən gələn hərbi təlimçilərlə təlimlər keçib.
Əhmədin kiçik bacısı deyir ki, "Əhmədin 24 yaşı olanda biz onu evləndirdik. Biz bacılar üçün qardaşımızın xoşbəxtliyini, ailə səadətini görmək əvəzolunmaz arzuların gerçəkliyi idi. Əhməd bu gerçəkliyi 18 noyabr 2018-ci ildə bizə yaşatdı. Amansız həyat ailəmizə yenidən bir kədər bəxş etdi: Atamız ürək-damar tutulmasından əziyyət çəkirdi və əməliyyat olundu”.
Əhmədin acı həyatı yenidən başlayıb, qayğıları artıb. Bir tərəfdən xəstə atası, bir tərəfdən gənc ailə qayğıları, digər tərəfdən də böyük bacısı ali məktəbə daxil olub. Əhməd həm bu qayğıları çəkib, həm də öz evini, anasının yarımçıq qoyduğu evi düzəltdirib. Olduqca məsuliyyətli övlad, qayğıkeş ailə başçısı olan Əhməd gecəli-gündüzlü çalışaraq, bütün bu işlərin öhdəsindən gəlib. Nəhayət, 2020-ci ilin mayın 7-də onun bir oğlu doğulub. Əhmədin arzusu ilə oğluna atasının adı verilib. Onun bir arzusu da o idi ki, qızı da olsun, anasının adını qoysun.
Ürəyi hər zaman vətən eşqi ilə döyünən Əhməd deyirmiş ki, “Alçaqlar bizim torpaqda oturub, ağalıq eləmək istəyirlər”. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Respblikasının Ali Baş Komandanının əmri ilə əks-hücum əməliyyatı başlayanda Əhməd döyüşlərə atılıb.
Təcrübəli tankçı kimi ən öndə gedənlərdən olub. İlk olaraq, Talış və Suqovuşan istiqamətində döyüşlərə girib.
Döyüşlərdə tankçı kimi ən qabaqda gedir və onun ilk tankı vurulur. Həmin döyüşdə komandiri şəhid olsa da, Əhməd tankdan sağ çıxıb. Ona ikinci tank verilib və xeyli düşmən məhv etdikdən sonra, həmin tank da vurulub. Tankda tuşlayıcı əsgər şəhid olub, amma Əhməd yenə sağ çıxıb. Bu dəfə döyüşə piyada qatılıb.
Döyüş meydanından 200-ə yaxın şəhid və yaralını xilas edib. Komandirinin, döyüş yoldaşlarının deməyinə görə çox mərd imiş, heç nədən qorxmurmuş, digər əsgərlərdən çox fərqlənirmiş...
Nəhayət, Əhmədə üçüncü tank verilib və o, yenidən döyüşə atılıb. Əhməd tankıyla irəliləyib. Fəqət artıq təcrübəli tankçı kimi düşmənin nəzərində idi.
Döyüşlərin 2-ci günü -
sentyabrın 28-i idarə etdiyi növbəti tankdan sağ çıxa bilməyən Əhməd şəhidlik zirvəsinə ucalıb. O, şəhadətindən 55 dəqiqə öncə ailəsi və dostuyla danışıb. Dostuna çox güman qayıtmayacağını, qayıda bilməzsə, ailəsini ona əmanət etdiyini deyib.
Əhməd Amanov doğulduğu Salahlı kəndində anasının yanında dəfn edilib.
2018-ci ildə ailə həyatı quran şəhidimizin Vətənə əmanət 7 aylıq bir oğlu qalıb. Ailəsi körpənin adını dəyişərək, atası Əhmədin adını qoyub.
Şəhadətindən sonra Ə.Amanov
"Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.