2011-ci ildə məktəbi bitirib. Murad İbadov hələ uşaq yaşlarından vətənə xidməti özünə hədəf seçib. Arzuladığı peşəyə yiyələnmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub. 2015-ci il dekabr ayında təhsilini bitirərək 2016-cı il 1 yanvar tarixindən Bərdə korpusunda xidmətə başlayıb. Elə xidmətə başladığı ilk il dörd günlük aprel müharibəsinin iştirakçısı olub. 2016-cı il dördgünlük müharibədə iştirak etdikdən sonra Tərtər rayonu "N" saylı hərbi hissədə leytenant olaraq xidmətini davam etdirib. 2020-ci ilin 27 sentyabr tarixində başlanmış İkinci Qarabağ müharibəsində döyüşlərin ilk günlərindən etibarən baş leytenant kimi qatılıb.
Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılan baş leytenant Suqovuşan istiqamətində gedən qızğın savaşda düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Ağdərə istiqamətində gedən döyüşlərdə mühasirəyə düşərək ağır yaralanıb. Lakin yaralı olduğuna baxmayaraq,son nəfəsinə kimi düşmənlə mübarizə aparıb, oktyabrın 15-də qəhrəmancasına şəhid olub...
2020-ci ilin 22 noyabr tarixində anadan olduğu Qobustan rayonu Cəyirli kəndində dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib.
Vətənimizin ərazi bütövlüyünün bərpası üçün canından keçəcəyinə and içmişdi Murad.. Andına da sadiq qaldı. İndi şəhidimizin ailəsi onunla qürur duyur. Bəli, igid döyüşçülərimiz rəşadətləri ilə ailələrinə, el-obalarına şərəf, başucalığı gətirdilər. Onların hesabına şanlı qələbəni daddıq, bayrağımız zəfərlə dalğalandı. İşğaldan azad edilən hər kənd, hər şəhər onların misilsiz qəhrəmanlıqlarının təcəssümüdür...