2021/05/Scree-1621589473.jpg

line
Adı: Həmidov
Soyadı: İzzət
Ata adı: Rövşən
Doğum tarixi: 28.02.2000
Şəhid olub: 09.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Üç oğlum var, İzzət böyük övladım idi. 2000-ci ildə fevralın 28-də Sumqayıtda anadan olub.

Bunu Milli.Az-a açıqlamasında Vətən Müharibəsinin qəhrəmanlarından olan İzzət Həmidovun anası Vəfa xanım deyib.


Şəhidin anası bildirib ki, oğlu şəhid olacağını öncədə dostlarına deyib:


"İkinci oğlum Elvin əsgərliyə getdi. İzzətin böyrəyində kista, ayağında reno xəstəliyi var idi deyə o, pensiya alırdı. İzzəti əsgərliyə çağırmırdılar. Onun 19 yaşı var idi. Elvin əsgər getdi, biz İzzətlə Elvinin yanına getdik. Amma hərbi xidmət çəkmək İzzətin arzusu idi. Deyirdi "Ana mən əsgər getməliyəm, mənə niyə pensiya verirlər". Getdi pensiyanı bağlatdırdı, almadı. Elvinin yanına gedib-gələndən sonra dedi ki, "Ana, başa düşürsən məni?! Mən də getmək istəyirəm. O forma mənim arzumdur. Çox istəyirəm əsgər gedim". 



3 oğlum var, düzdür. Amma İzzəti fərqli istəyirdim. Bunu bilən qohum-əqraba deyirdi ki, "Vəfa, İzzətə bu qədər meylini salma". O, mənim üçün başqa uşaq idi, Allah seçdi elə bil. 


Axırı bir gün gəldi oturdu qabağımda, dedi "Ana, başa düşürsən?! O forma mənim arzumdur. Nə olar, qoy mən gedim əsgərliyimi çəkim gəlim". Getdi hərbi komisarlıqda onu hərb xidmətə yollamaq istəmədikləri üçün mübahisə etdi ki, "Baxın, mən sizdən sağlamam". O, 1 il əsgərliyə getmək üçün ora-bura getdi, gəldi. 


Nəhayət, bir gün çağırış vərəqəsi gəldi. Çağırış vərəqəsi əlində sevinə-sevinə gəldi ki, "Ana, mən gedirəm". Nə bilim, yola saldıq (Ana ağlayır). Evdən son çıxışı oldu. Getdi Ağcabədidə Haramı düzünə düşdü. 1 il idi ki, əsgərlikdə idi. Haramıda vəziyyət ürəkaçan olmasa da, yeri pis olsa da İzzət bir dəfə də olsun şikayət etmədi. O, mənim ən ağıllı oğlum idi. Heç vaxt məndən heç nə istəmədi.


Müharibə başladı...


2 gün qabaq zəng etdi ki, "Ana, məni burada manqa komandiri seçdilər. Ay ana, əsgərlikdən gəlim, Elvinə (qardaşı), hamıya kişilikdən danışacam". Müharibə başlayandan sonra Füzuliyə göndərdilər. Zəng edib dedi ki, birdən bilmərsiniz məni kiməsə tapşırtdırarsınız, böyrəyimdəki kistaya görə arxaya çəkərlər məni, etməyin ha. Ana, bilirsən səni nə qədər çox sevirəm, əgər elə edərsənsə, heç vaxt səni bağışlamaram. Məni tapşırmayın". 


Müharibənin gedişində bir gün də yığdı ki, "Eşitdim burada şəhidin ailəsinə pul verirlər, elə sevindim. Mənə bir şey olsa, sən evimizin borcunu ödəyəcəksən". Oğlanlarımın ikisi də əsgər idi, İzzət başqa cür idi. Zəng edəndə deyirdi "Ana, ölüm qabağında. Allah ömrümdən alsın sənə versin. Ana, özünə yaxşı bax". Elə bil ki, sevirdi də məni. Mən də onun üçün ölürdüm də, ölürdüm. Deyirdi "Ana burada bütün əsgərlər sevdiyini düşünür, mən səni düşünürəm, ana. Mən səni sevirəm. Mən heç vaxt evlənməyəcəm. Sən təksən, mən də tək qalacam. Qardaşlarımı evləndirəcəm, sənlə qalacam". 



Dostlarına deyirmiş ki, mən şəhid olacam. Mən tək oğlumu itirməmişəm, həm də dostumu, sirdaşımı itirmişəm, hər şeyimi itirmişəm. Əsgərliyə gedəndən sonra iki dəfə gördüm onu - Bir andiçməsində, bir də fevralın 28-i ad günündə. Son görüşüm o oldu. 10 ay görmədim, həsrət qalmışdım balama. Füzulidə şəhid oldu. Komandiri zəng edib dedi ki, "İzzət qorxmurdu, çox mərd idi". 


İzzətə ölümündən sonra 3 medal verildi - "Bayraq ordeni", "Vətən uğrunda" , "Füzulinin azad olunması uğrunda" medalları. 


Mən komandirinə sual verdim ki, bu "Bayraq ordeni" generaldan sonra minlərlə döyüşçülərimizin içində 18 nəfərə verilib, niyə bunlardan biri də İzzət oldu? Dedi ki, "İzzət düşmənin bütün koordinantlarını tuturdu.
Təxəllüsü də "nigeriyalı" idi. Qaraşın olduğu üçün ona "nigeriyalı" deyirdik. Sonradan gələn könüllülərə İzzət təlim keçirdi. Topçu kimi də hara lazım idisə birinci özünü önə atırdı". İzzət qarşılıqlı atışma zamanı şəhid olub. Düşmənin minamiyot zərbəsi zamanı qəlpə İzzətin şah damarından tutub, yerindəcə şəhid olub. 


İzzət uşaqlıqdan rəqslə məşğul idi, 7-ci sinifdə dedi ki, bu sənət mənlik deyil. Amma dəfələrlə "yaxşıların yaxşısı" nominasiyasında qalib olub. Rəqsdən çıxdı, getdi "Azal" futbol klubuna. Artıq ona rəsmi maaş da verəcəkdilər. Həkim dedi ki, birdən top zərbə ilə böyrəyinə dəyər kistası partlayar.
Yalvardım ki, "Nolar, getmə futbola. Qorxuram axı, səni itirərəm birdən". Onu futboldan kənarlaşdırdım. 11-ci sinifi qurtardı, dedi pitza, lahmacun, pide ustası olacam. Cəbrayıl Dövlətzadə ilə bir yerdə işləyirdi. Hara gedirdi məni yarıdırdı. Hər addımı uğurlu idi. Günə 25 manat pul alırdı. Deyirdi ki, "ana, əsgər gedim, gəlim, 30-40 manat pul alacam. Səni saxlayacam, qoymayacam işləyəsən. İndiyə kimi sən işləmisən bəsdir". 


Nə bilim, arzularım var idi...



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Həmidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Həmidov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Həmidov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.