2021/01/12969-3224028498.jpg

line
Adı: Xankişiyev
Soyadı: Fuad
Ata adı: Şöhrət
Doğum tarixi: 12.06.1996
Şəhid olub: 03.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Vətənimizin müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmaq  ən böyük şərəf və qürurdur. Bu şərəf və qüruru bizə yaşadan şəhidlərimizdən biri də mingəçevirli 24 yaşlı şəhid Fuad Şöhrət oğlu Xankişiyevdir. O, Daşaltı əməliyyatı döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.



Fuad Xankişiyev Mingəçevirdə anadan olub. O, Mingəçevir Turizm kollecinin Bədən tərbiyyəsi və idman ixtisası üzrə təhsil alıb. Şəhidin anası Səbiqət xanım Xankişiyevanın dediyinə görə, ibadətlə də məşğul olan Fuad yaxşı idmançı olmaqla yanaşı, gözəl əl qabiliyyəti ilə seçilərdi: “Həqiqi hərbi xidmətindən sonra dizayner işi üzrə çalışıb.



Deyərdim ki, o sanki həyatının mənasını bu sahədə tapmışdı. Evimizin təmirinə başlamışdı. Lakin sentyabrın 27-də başlanan Vətən müharibəsi onun bu işini yarımçıq qoydu. Cəbhəyə yola düşəndə: ”Qayıdanda davam etdirərəm, ana”, – dedi.. Amma bu oğluma nəsib olmadı, o, şəhidlik zirvəsinə yüksəldi…”



Fuadın iki bacının bir qardaşı olduğunu xatırladan Səbiqət xanım daha sonra bildirdi ki, oğlu çox zəhmətkeş idi: “Özü də çəkdiyi zəhmətdən ləzzət alardı. Həmişə də deyərdi ki, gərək, zəhmət əziyyət çəkəsən ki, qazanasan. Özü də bizdən heç vaxt pul istəməzdi. Xərclik pulunu da özü qazanardı.”



Oğlu ilə sonuncu telefon danışığını xatırladan ana dedi ki, o, məndən halallıq istədi: “Onun bu sözlərindən sonra özümü ələ ala bilmədim. Dostları indi mənə deyirlər ki, Fuad hər namazında dua edərdi ki, mən şəhid olum, təki erməni vəhşilərinin əsarətində olan torpaqlarımız azad olunsun. Balam noyabrın 3-də şəhid oldu. Bununla da İlahidən istədiyinə çatdı. Bəli, o, şəhid oldu. Rahatam ki, oğlumun məkanı gözəldir. Əbəs yerə demirlər ki, bayrağa bükülənin məkanı cənnət olar. İndi təskinliyimizi torpaqlarımızın azad olunmasından alırıq. Nə yaxşı ki, müzəffər Azərbaycan ordusu erməni vəhşilərini işğal etdikləri ərazilərimizdən iti qovan kimi qovub ərazilərimizdən çıxardılar”.



Şəhidin atası Şöhrət Xankişiyev oğlu ilə qürur duyduğunu bildirdi: ”Oğlum haqqında danışsam, gərək ondan kitab yazasız. Qısaca deyim ki, oğlum kəşfiyyatçı olub. Hələ Tovuzda əsgəri xidməti dövründə də həmişə onun nümunəvi xidməti ilə bağlı bizə fəxri fərmanlar göndərirdilər. Cü-do idman növü üzrə yarışlardan həmişə medalla qayıdardı”.



Müsahibimiz söhbətini bu sözlərlə yekunlaşdırdı: “Anasının da dediyi kimi, Fuad namaz əhli idi. Balaca Quran kitabını həmişə ürəyinin başında gəzdirərdi. Elə şəhid olanda da cibində Quran kitabı olub. Bu gün mən oğlum Fuadın, əgər belə demək mümkünsə, iyini cibindən çıxan həmin Quran kitabından alıram. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin”.



Qeyd edək ki, Fuad Xankişiyev Prezidentin Sərəncamı ilə “Vətən uğrunda“ medalı ilə də təltif olunub.

memorial.az