2015-ci ildə Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Vasif 2019 -cu ildə həmin məktəbi motoatıcı tağım komandiri ixtisası üzrə bitirib və “leytenant” hərbi rütbəsi alıb. 2019-cu ilin iyul ayından 181 nömrəli hərbi hissənin motoatıcı taborunda tağım komandiri vəzifəsində xidmət edib. 2020-ci ildə yeni təyinat alaraq 879 nömrəli hərbi hissənin həmlə taborunda xidmətini davam etdirib.
Vasif 27 sentyabr 2020-ci ildə ordumuzun düşmən mövqələrinə qarşı başlayan əks-hücum əməliyyatlarında fəal iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə yaralansa belə döyüşə davam edib, yaralı zabiti yanan bmp-dən çıxararaq həyatını xilas edib. “Bura qədər vuruşub gəlmişik, geriyə qayıtmaq olmaz!” deyərək hücumu davam etdirmək əmri verib, düşmənin 2-ci müdafiə xəttini yarıb. Atıcı silahlarla Vasifin dəstəsini məhv edə bilməyən düşmən ağır artilleriyadan istifadə edib və nəticədə Vasif ağır yaralanaraq sentyabrın 27-də Füzuli uğrunda şəhidlik zirvəsinə ucalıb. Tovuz rayonunda dəfn edilib.
Şəhid Vasif Heydərov Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Prezident Sərəncamlarına əsasən, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və "Hərbi xidmətlərə görə" 3-cü dərəcəli ordeni ilə təltif edilib.
Şəhidimiz 1 il idi ki, ailə həyatı qurmuşdu. Vətənə bir oğul övlad əmanət edib.