2021/01/13121-6448094492.jpg

line
Adı: Abbasov
Soyadı: Elcan
Ata adı: Əfsəddin
Doğum tarixi: 23.09.2000
Şəhid olub: 09.11.2020
Rütbəsi: Mahhxhq əsgər

Elcan Əfsəddin oğlu Abbasov ailənin iki oğul övladından biri idi. Ömrü qısa, amma şərəfli məqamlarla zəngin oldu. Elcan 23 sentyabr, 2000-ci ildə Mingəçevirdə anadan olub. Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.

Elcan uşaq yaşlarından güləşlə məşğul idi. Məhz fiziki göstəricilərinə görə həqiqi hərbi xidmətinin son dönəmlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə cəlb edilmişdi. Əslində bu, onun çoxdankı arzusu idi. Orada nümayiş etdirdiyi yüksək göstəricilərlə komandanlığın etimadını doğrultmuşdu. Doğum günündən dörd gün sonra qatıldığı Vətən Müharibəsində şücaəti ilə ürəkləri fəth etdi.



Anası Ulduz Nəsibova nın dediyinə görə, Elcan Füzulidən Şuşaya kimi şərəfli döyüş yolu keçib. Hadrut, Xocavənd, Şuşa və digər istiqamətlərdə gedən ağır döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərib. Xeyli düşmən hərbçisini və hədəflərini məhv edib, yaralı döyüş yoldaşlarının təhlükəsiz ərazilərə çıxarılmasına yardım edib. Şuşa uğrunda gedən ağır döyüşlərdə isə şəhid olub: “İki övladım var, hər ikisi hərbçidir. Onları atasız böyütmüşəm. Başım həmişə ucadır. Zəhmətkeş uşaq idi. Böyük arzuları vardı, yunan-roma güləşçisi idi. Çoxlu medalları, təltifləri var idi. Həm də istedadlı qarmon ifaçısı idi. Tez-tez danışırdıq. Deyirdi ki, "narahat olma, mən çox yaxşıyam". Əsgərliyi bitirməyinə az qalmış, boylu-buxunlu olduğu üçün gəlib onu Xüsusi Təyinatlılara seçmişdilər. Mən istəməsəm də, o, elə yerlərə can atırdı. Kursu fərqlənmə ilə bitirmişdi. Mən həmişə soruşanda deyirdi ki, iki dağın arasında qoyun otarırıq. Axırıncı dəfə oktyabrın 28-də danışdıq. O, həmişə ön cəbhədə imiş, mənə elə deyirmiş. Döyüş yoldaşları ilə danışmışam, deyirdilər ki, mərd qorxmaz oğlandır. Özünə iş qurmaq, ev almaq istəyirdi. Arzuları çox idi”.



Nənəsi Qızbəs Qurbanova isə nəvəsinin düşmənə layiqincə cavab verərək, şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini bildirir: “Sağ olsun bizim prezidentimiz, bu torpaqları qaytardı özümüzə. Bizim igidlərimiz getdi qabağa. O torpağı aldılar, erməniləri də yana-yana qoydular”.

Elcanın itkisini ağrı-acı ilə yad edən dostu Coşqun Umarov ağır döyüşlərdə onun nümayiş etdirdiyi cəsarətdən qürurla danışır: “Elcanla həm eyni sinifdə oxumuşuq, həm də eyni idman növü ilə məşğul olmuşuq. Elcanın əsas arzularından biri idi ki, güləşdə irəli getsin. Çoxlu diplom və medallar qazanmışdı. Lakin, daha sonra o, döyüşlərə qatıldı. Özünün arzusu idi ki, Vətən uğrunda nəyəsə nail olsun və bu arzusunu gerçəkləşdirdi”.

Elcan Abbasovun qardaşı Fərid də hərbçidir və hazırda Vətənə xidmətini davam etdirir: “Elcan qəhrəmancasına şəhid oldu. Döyüşlər zamanı mənə zəng edəndə deyirdi ki, anama demə. Biz onunla kodla danışırdıq. Məsələn, deyirdi ki, “Cəbiş müəllim Firəngiz xalagildə”. Musiqi məktəbinə də birlikdə gedib gəlmişik, eyni məktəbdə oxumuşuq. Çox nadinc uşaq olub. Valideyn iclaslarının birində də bunu demişdilər. Güləşə getdiyinə görə hərdən evə üstü bulaşıq gəlirdi".


Çoxları bəlkə də onun 20 yaşınadək keçdiyi həyat yoluna qibtə ilə baxır, yetişdiyi şəhidlik zirvəsini xəyallarında təsəvvür edib canlandırır. Çünki, Elcan Abbasov tarixdə və ürəklərdə əbədi yaşamaq haqqı qazandı.