Vətən Müharibəsində şəhadətə ucalan qəhrəmanımız Əsgərzadə Xəyal İsrafil oğlu 25 dekabr 1995-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.
O, 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Xəyal 2018-ci ildə yenidən hərbiyə qayıdaraq, Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) kimi xidmətə başlayır.
Azərbaycan Ordusunun əsgəri olan Xəyal Əsgərzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Əsgərzadə oktyabrın 19-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şəki rayonunun Qayabaşı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Xəyal Əsgərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Xəyal Əsgərzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.