Sərxan Həsənqulu oğlu Salahov 1 mart 1991-ci ildə anadan olub.
Ələkli kənd tam orta məktəbdə orta təhsilini alıb. Onlar ailədə iki bacı, bir qardaş olublar. Sərxan elə uşaqlıqdan bəri mərd, vətənpərvər olub. O, daim ailəsinin və eyni zamanda Vətənin yükünü çiyinlərində hiss edib. Buna görə də Vətənə hərbi xidməti özünə borc bilib.
Anası Müşkinaz Salahova onu belə yad edir:
“Sərxan müddətdən artıq hərbi xidmətə qulluq edirdi. Kursunun bitməyinə 3-4 gün qalmışdı. Döyüşlərə könüllü yazıldı. Getdi, qəhrəmancasına döyüşdü və qəhrəmancasına şəhid oldu…” Sərxan döyüşlərdə olduğu müddətdə ailəsindən bunu gizlədib. Anası deyir ki, “Danışırdıq Sərxanla. Deyirdi ki, ana, mən qabaqda deyiləm ki, mən döyüşmürəm, mən arxa cəbhədə fəaliyyət göstərirəm. Sən demə, məni aldadırmış ki, pis olmayım. Döyüşlərin ən qızğın getdiyi bölgələrdə imiş”.
Ana deyir ki, danışıqlarımız zamanı telefonda atışma səslərini eşitdiyim zamanda belə mənə
“Bizim uşaqlardır” - deyirdi… Döyüş yoldaşları Sərxanın bitib-tükənməyən əzmindən danışırlar, deyirlər ki,
“Sərxan yaralananda hospitala aparıldı. Xəstəxanada o qədər ağır yaralılar görüb, deyib ki, mən üç qəlpə yarası almışam, mənə bir şey olmaz, buraxın məni gedim” . Beləcə yenidən cəbhəyə yollanıb. Dostları ona təkidlə müalicə almaq üçün getməyini deyib. Amma o,
“Mən heç kimdən artıq deyiləm. Siz necə, mən də elə” deyib. Bu iradə, bu ruh yüksəkliyi ilə davam edən qızğın döyüşlərin birində, səngərdə olduğu vaxt dostu Raufun şəhid olması xəbərini alır. Bu xəbər ona ağır zərbə vurur. Yanında olan yoldaşları danışır ki, Sərxan “şəhid” sözünü eşidər-eşitməz, həmin an səngərdən çıxdı, yürüdü ermənilərin üstünə. Nə qədər dartdıq ki, Sərxan, geri dön, getmə, göydən bomba yağır. Sərxan dinləmədi. Getdi qabağa. İki saatdan sonra xəbər gəlib ki, Sərxan vuruldu, Sərxan şəhid oldu… Dostları deyir ki, hələ bundan qabaq da beş gün mühasirədə qalmışdıq. Lakin ordan çıxmağı bacarmışdıq… Videolarının birində Sərxan deyirdi ki, alnımıza nə yazılıbsa, o da olacaq… Amma o alnına nə yazıldığını düşünmədi, birbaşa yağının üzərinə yürüdü.
İndi Müşkinaz ana deyir ki,
“Qismətində Şəhidlik məqamına çatmaq var imiş. Mən balalarımı çox çətinliklə böyütmüşəm. Sərxan da iki bacının bir qardaşı idi. Deyirdi ki, Ana, mən hərbiçi olacam. Bundan sonra hər şey yaxşı olacaq. Sənin başını hər yerdə ucaldacam. Demək, Sərxan mənim başımı bu cür ucaldacaqmış… Amma kaş torpaqlarımızın azad olunduğunu, qələbəni o da görəydi. Yenə də sağ olsun ordumuz, əsgərlərimiz, Prezidentimiz ki, onların qanı yerdə qalmadı, onların qanını aldılar. Düzdür, ana üçün çətindir, ancaq çox şükür, min şükür buna da. Ən azından onun cənazəsi gələ bildi mənim üstümə. Vətən sağ olsun!” İki dost indi yanaşı, əbədi yuxuya dalıblar. Sərxanla Rauf hər ikisi noyabrın 6-da Şərur rayonu Şəhidlər Xiyabanında yan-yana dəfn ediliblər. Sərxandan geriyə iki körpə qızı qalıb. Onları isə Vətənə əmanət edib getdi…
Sərxan Salahov şəhidlik zirvəsinə ucaldıqdan sonra Cənab Prezident İlham Əliyevin 15 dekabr tarixli sərəncamına əsasən
“Vətən Uğrunda” medalına, 25 dekabr tarixli sərəncamına əsasən isə
“Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.