Rauf Vahid oğlu Qurbanov 15 sentyabr 1995-ci ildə Şərur rayonu Ələkli kəndində anadan olub.
2001-2011-ci illərdə Ələkli kənd tam orta məktəbi və Vərməzyar kənd tam orta məktəbində ilk orta təhsili alıb. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Oranı yüksək nəticələrlə biritib, Fəxri Fərman alır. 2014-2018-ci illlərdə isə Azərbaycan Ali Hərbi Akademiyasında təhsil alıb. 2018-ci ildə Leytenant hərbi rütbəsini alaraq ilk təyinatı olan N saylı hərbi hissəyə göndərilir. O, geniş dönyagörüşünə malik idi. Rus və ingilis dillərində səlis danışa bilirdi. Xidmət etdiyi müddətdə də daim öz cəsarəti və qəhrəmanlığı ilə seçilib. Yüksək rütbəli erməni zabitini məhv etməsi də onun belə qəhrəmanlıqlarından biri idi. Bu hadisə hələ II Qarabağ Müharibəsi başlamamışdan öncə baş verib. Ailəsi deyir ki, buna görə onu təltif edəcəkdilər, lakin müharibənin başlaması və döyüşlərə yollanması ilə hər şey unuduldu.
Sentyabr 27-də bütün hərbiçilər kimi Rauf da cəbhə istiqamətinə yol alır. Raufun icra etdiyi son vəzifəsi Taqım komandiri vəzifəsi olur. Döyüşlərin qaynar vaxtlarında daim ön cəbhədə vuruşur və ayağından yaralanır. İki gün arxa cəbhədə olur. Amma onu orada tuta bilmirlər, öndə vuruşmaq istədiyini bildirir... O, ailəsi ilə son dəfə oktyabrın 5-də danışıb. Ailəsinə deyib ki, “bəlkə, döndük, bəlkə, dönmədik, hər şey ola bilər, mənə halallıq verin”.
Qəhrəman Raufumuz Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlər zamanı böyük şücaət göstərərək özünü əsgərinə atılan güllənin qabağına verir və ağır şəkildə yaralanır. Lakin qan içində olmasına baxmayaraq mübarizəni buraxmayan Rauf öz dəstəsi ilə birlikdə irəliləməyi bacarır. Füzuli şəhəri 17 oktyabrda işğaldan azad edilir, 18 oktyabrda isə Rauf Şəhidlik şərbətini dadaraq adını qəhrəmanlar sırasına yazdırır... Onlar ailədə iki qardaş olublar, böyük qardaş isə Rauf idi.
Şəhid qardaşı haqqında danışan Rəşad Qurbanov onu belə xatırlayır: “Onun bütün hisslərinin ən alisi vətənpərvərlik hissi idi. Mehriban və gülərüz idi mənim qardaşım. Evə məzuniyyəti son dəfə 2020-ci ilin yanvar ayındı olmuşdu. Son dəfə onda görmüşdük Raufu...” Rauf onu tanıyan hər kəsin qəlbində mehriban və gülərüz, zarafatcıl olaraq əbədi taxt qurub. Və o özünə layiq məqama da ucaldı. İndi onun və onunla birlikdə şəhid olan döyüş yoldaşlarının uğrunda can verdiyi bütün torpaqlar artıq Ana Vətənə qovuşub. Onların qanı alınıb. Noyabrın 20-də evliliyinin ilk ili tamam olacaqdı, amma bu günü görmək ona qismət olmadı. Rauf noyabrın 6-da Şərur rayonu Şəhidlər Xiyabanında dəfn edildi.
Rauf Qurbanov şəhidlik zirvəsinə ucaldıqdan sonra Cənab Prezident İlham Əliyevin 15 dekabr tarixli sərəncamına əsasən "Vətən Uğrunda" medalına, 25 dekabrda isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.