O, 2003-2011-ci illərdə Ələkli kənd tam orta məktəbdə 9-cu sinfi bitirib. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-2018-cü illərdə isə Azərbaycan Ali Hərbi Akademiyasında hərbi təhsil alıb.
Elton uşaqlıqdan bəri hərbiçi olacağını deyirmiş və elə hərbi məktəbə qəbul olması da ailəsi üçün böyük sürpriz olub. Onlar ailədə üç uşaq olublar.Hazırda kiçik qardaşı da hərbi məktəbdə oxuyur. Ailənin ən sakit övladı da, ən çox gülən övladı da Elton idi. Sanki Mələk timsalı… Elton indiyədək bir çox təlimlərdə olub. Həmişə təlimlərini birinciliklər və ya yüksək nəticə ilə başa vurub. Onun iştirak etdiyi belə kurslardan biri də “SAT” hərbi kursu olub. Ora qatılan 176 nəfərdən yaşca ən kiçiyi olsa da, sonda təlimi başa vuran 8 nəfərdən biri də Elton olub. Daha sonra isə XTQ kursunu birinciliklə bitirib. Və ilk hərbi tapşırıqlarını yetirmək üçün N saylı hərbi hissəyə yollanıb. Bacısı Nargül xanım deyir ki, “Bir dəfə whatsapp”da onun uğurları haqqında paylaşım etmişdim. Məndən xahiş etdi ki, bacı, onları sil. “Mən bunları göstəriş üçün etməmişəm”. Heç vaxt uğurlarını paylaşmağı xoşlamayıb. Düşünürdü ki, etdiyim və qazandığım uğurlar özüm üçündür.
Elton hərtərəfli istedadlı idi. O həm də incəsənətə – rəqsə, musiqiyə də maraq göstərirdi. Məktəbli vaxtı musiqi məktəbini bitirib, gözəl nağara çalmağı bacarırdi, 12 növ Şərur yallısını bilirdi. Bütün bu işləri ilə yanaşı Elton mütaliəyə də vaxt ayırırdı. Ən çox sevdiyi yazar isə Dostoyevski olub. Dostoyevski kimi bir yazarı anlamaq üçün mütaliədə böyük yol getməlisən. Görünür, Elton həm də mütaliəyə xeyli vaxt ayırırdiki, özünü daha geniş şəkildə inkişaf etdirsin… Eltonun icra etdiyi son vəzifəsi Qrup komandiri müavini və kəşfiyyatçı olub. Dostları, çiyindaşları onun müharibədə necə döyüşməsindən danışır. “Sədaqətim şərəfimdir” deyən XTQ xidmətçiləri andlarını əməllərində də göstərdilər. Elton Suqovuşan, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı döyüşlərində iştirak edib. 23 gün böyük qəhrəmanlıqlar göstərərək döyüşüb. Döyüşlər zamanı yaralansa da, o hospitala getməyib, deyib ki, mən hər şeyi burada görüb, yaşamaq istəyirəm. O, şiddətli döyüşlər zamanı yaralansa da, meydandan çıxmayıb və elə Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə qovuşub. Oktyabrın 24-ü Şərur rayonu Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Övladı Elton haqqında danışan Sona xanım deyirdi ki, “Mən iki tərəfli şəhid anasıyam. Əslində deyilməli, danışmalı sözlər çoxdur. Bəlkə, deyəm yazasınız, “Minbir Gecə” kitabını belə ötüb keçər… Vətən sağ olsun! Başqa da heç nə demirəm”. Bu ananın dediyi bir neçə cümlə elə özü böyük bir dastanı əhatə edir. Hansı ki, o dastanın boylarının və qollarının sayı hesabı yoxdur… Həm həyat yoldaşı, həm də qardaşını Vətən uğrunda itirən bacısı Nargül xanım isə deyir ki, “Həyatımda ən ağır an o idi ki, Eltonun qəbrinə ilk torpağı özüm atdım. Sonra isə gedib Adilimi çiynimdə gətirdim. Fikirləşdim ki, bü dünyada cismimiz bir-birinə sadəcə o an yaxın olacaq. Onun başı mənim çiynimdə… İndi mən müqayisə eləməyə çalışıram ki, qardaşımın üzərinə ilk torpaq atdığım an ağır idi, yoxsa Adili çiynimdə aparmağım…” Təbii ki, bu hisslər, bu acılar heç bir müqayisəyə gəlməz. Nə yoldaşı Adili, nə də qardaşı Eltonu bir-birindən ayıra bilməyəcəyini özü də anlayır…
Adil İbrahimli və Elton Qənbərli bir ağacın iki budağı kimi idi. 24 oktyabrda Şərur rayonu Şəhidlər Xiyabanında oğlunu – Elton Qənbərlini torpağa tapşıran Sona Qənbərova belə demişdi: “Erməni vandalları görsün ki, biz necə övladlar yetişdirmişik. Vətən uğrunda canlarından keçirlər. Bu gün oğlumla fəxr edirəm. O, cənnətin açarlarını bizə – valideynlərinə verib getdi. Vətən sağ olsun!” Sona ana bilmirdi ki, bir neçə həftədən sonra qızı Nargül xanım da öz həyat yoldaşını bu yolda itirəcək. Bəli, məhz həmin ananın qızı Nargül xanım həyat yoldaşı – Baş Leytenant Adil İbrahimlinin cənazəsini 20 noyabrda öz çiyinlərində daşıdı. Bir ailə iyirmi gün içində iki şəhid verdi, Nargül xanım həm qardaşını, həm də iki körpə balasının atasını, ömür-gün yoldaşını itirdi. Buna baxmayaraq, qürurlu şəkildə duruşu əsl Azərbaycan qadınının simvolu oldu! Sanki bayraqdar oldu…
Elton Qənbərli Cənab Prezident İlham Əliyevin 15 dekabr tarixli sərəncamına əsasən “Vətən Uğrunda” medalına, 18 dekabr tarixli sərəncamına əsasən isə “Döyüşdə fərqlənməyə görə” medalına, 25 dekabr tarixli sərəncamına əsasən isə “Cəbrayılın azad olunmasına görə” medalına layiq görülüb.