Şəhid baş leytenant Həsənağa Abdullazadə 1993-cü ildə Lənkəran şəhərində doğulub. Orta təhsilini də Lənkəranda alıb. Məktəbi əla qiymətlərlə oxuyan Həsənağa 8-ci sinifdə hərbi təhsil almaq qərarına gəlir.
Ailənin uzun müddət sonra dünyaya gələn tək övladı olduğu üçün anası bu qərarla razılaşmaq istəmir. Buna baxmayaraq Həsənağa fikrindən dönmür. O çox keçmədən öz işində fərqlənməyə başlayır. İştirak etdiyi təlimləri, kursları uğurla başa vurur. Tez-tez “biz Qarabağı alacağıq” deyən gənc sanki ömrünün hər gününü yalnız bu məqsəd üçün xərcləyirdi.
2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayanda Həsənağa Abdullazadə də öndə gedənlərdən olur. Murov zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edir. Ailəsi ilə telefon danışığında “Mən öz istəyimə çatacağam, Kəlbəcərə bayrağı mən sancacağam” deyən komandir təəssüf ki, döyüş yoluna sonadək davam edə bilmir.
Oktyabrın 3-ü şəhid olan qəhrəmanın nəşi qış fəslində axtarış işlərinin çətinliyilə əlaqədar yalnız yanvar ayının 13-ü ailəsinə təhvil verilir.
Şəhid Həsənağa Abdullazadə İkinci Fəxri Xiyabanda dəfn edilib.