Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008-ci ildə isə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
O, 2015-ci ildə Hərbi məktəbini bitirərək Leytenant rütbəsini alıb. Sonra Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan ordusunda xidmətə başlayıb. 2017-ci ildə XTQ-ə qəbul olan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib.
Adil ailəsinin ortancıl övladı olub. Uşaqlıqdan bəri vətənpərvərliyi və dinə imanı ilə yaşıdlarından seçilib. Adil İbrahimlinin atası Asəm bəy də I Qarabağ Müharibəsinin qazisidir. 1992-ci ildə müharibəyə könüllü gedib. Bu günə qədər də Veteran vəsiqəsini götürməyib. Deyir ki, “Məğlub savaşın qalib əsgəri ola bilməzdim”. O, özü kimi də oğul böyüdüb. Çox sevdiyi atasının adını daşıyan, “dədə” deyə müraciət etdiyi Adili belə yad edir:
“Dedi ki, mənə halallıq ver. Mən gedirəm. Əmim kimi hərbiçi olacam. Hələ zarafatla deyirdi ki, mən əmimgildən də yuxarı məqamda olacam. Bəlkə də, onun qulağına Allah-Taala tərəfindən deyilmişdi ki, sən elə bir böyük zirvədə olacaqsan ki...” (Burada ata qəhrindən göz yaşına qərq olur, sözünü tamamlaya bilmir ). Lakin atanın nə demək istədiyini anlayırıq, onun dədəsi, həqiqətən, ən yüksək məqama çatıb. Elə bir məqam ki, biz istəsək də, onu təsvir belə edə bilmərik.
Adilin həyat yoldaşı Nargül xanım onu 12 yaşından bəri tanıyır. Evlilikləri cəmi üç il olsa da, onların sevgisi uzun bir yol qət edib. O deyir ki, “Mən onu tanıyan vaxtdan bəri həmişə deyirdi ki, gündəliklərin arxasında olan qan yaddaşını dəyişmək istəyirəm. Belə idi onun Vətən sevgisi, dil ilə təsvir etmək mümkün deyil. Bu bəlkə də, onun dinə böyük inancından irəli gəlirdi. Adil işində peşəkar olduğu kimi, ailədə də gözəl başçı idi. Mən Adil kimi ailə başçısı, ata indiyədək görməmişəm. Bir söz var: böyüklə böyük kimi, kiçiklə kiçik kimi davranırdı. Qızına bir ayrı, oğluna bir ayrı, mənə bir ayrı yanaşırdı. Həyat elə gətirdi ki, qızı ilə cəmi 12 gün vaxt keçirə bildi... O evə gələndə ayaqqabısını belə çıxarmamış Əbəlfəzi öpürdü. Övladlarına qarşı sevgisi belə idi. Adillə üç ildir ki, evliyik. Toyumuzdan bir həftə sonra təlimə getdilər. Heç bir ad günlərini, heç bir evlilik ildönümlərimizi birlikdə keçirə bilmədik. Daim kurslarda, təlimlərdə oldu. Həsrət çəkdik. İndi də məni ömürlük həsrətdə buraxıb getdi”. Adil, həqiqətən, cavan olmasına baxmayaraq, xeyli peşəkar hərbiçi olub. Son vəzifəsi isə Qrup komandiri və Baş kəşfiyyatçı idi. Döyüş yoldaşları onun cəsarətindən, müharibənin ən qızğın döyüşlərindəki şücaətindən, necə son damla qanınadək vuruşmasından danışır. O, Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. 40 gün vuruşub. Son tapşırığı Şuşada olub və elə orada da böyük şücaət göstərib, yaralı olsa da qəhrəmancasına vuruşub, lakin mənfur düşmən yenidən ona atəş açıb... Noyabrın 7-də Adil ölümün qarşısında sinə gərib, ən son məqamda isə Şəhidlik şərbətini dadıb .
Həyat yoldaşı Nargül xanım deyir ki, son dəfə oktyabrın 26-da Adil ilə danışıb. Nargül xanım qardaşı Elton Qənbərli şəhid olduğu üçün telefonda ağlayırmış. Həyat yoldaşı Adil ona deyib ki, “Elton Şəhid olduğu üçün ağlama, o, ən uca məqamdadır. Sən ona görə ağla ki, mən sağam”. Nargül xanım ona söz verir. Və son məqamda Adili çiyinlərində daşıyanda belə göz yaşı axıtmayıb, məğrur şəkildə dik dayanır...
Noyabrın 20-də Bakıda II Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Adil İbrahimli ölümündən sonra Cənab Prezident İlham Əliyevin 9 dekabr tarixli sərəncamına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adını layiq görüldü. Bu ailənin hərb sevgisi 39 illik hərbiçi əmisi olan HHQ-nin şöbə rəisi, Polkovnik Elman İbrahimovdan gəlir. Adil də, Elton da ona oxşamaq istədikləri üçün hərbiçi olublar. Əmisi Elman İbrahimov deyir ki, Adil, Elton, İbrahim və onların bütün yoldaşları, bütün şəhidlərlə fəxr edirəm. Onların qanı yerdə qalmayıb. Biz bütün dünyada başıaşağı idik, lakin indi onların sayəsində alnıaçıqığ”. O, ailəsinə deyir ki, “Başınızı dik tutun, sizin göz yaşlarınız sevinc göz yaşları olmalıdır”. İndi Adildən geriyə iki körpə balası və xatirələri qalıb. Məhz o xatirələrlə yaşayıb, yaşadacaqlar...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Adil İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” , "Vətən Uğrunda" , “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
* * * *
2021-ci il, sentyabrın 27-də Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq keçirilən yürüşdə Ali Baş Komandan İlham Əliyev əlində Vətən müharibəsi qəhrəmanı Adil İbrahimlinin şəklini tutmuşdu.
Oğlunun şəklinin Ali Baş Komandanın əlində olmasından qürur duyan atası Asəm İbrahimli Azvision.az-a açıqlamasında şəhidlərin həm Prezidentimizin, bütün Azərbaycanın oğulları olduğunu deyib: “Vətən sağ olsun! Sağ olsunlar, Şəhidlərimizi yüksəkdə tuturlar. Prezident İlham Əliyevə oğlumun şəklini əlində tutduğu üçün minnətdaram, qürur duyuram. Biz Adilin şəklinin ön sıralarda olacağını bilirdik, amma Prezidentimizin onu tutacağını bilmirdik. Bu, çox qürurlu bir an idi. Ali Baş komandana təşəkkür edirəm”.
Vətən müharibəsində ön xətdə olan, düşmənə qan udduran Adil İbrahimli ailəsi ilə sonuncu dəfə oktyabrın 30-da danışıb. O, atasına hər şeyin yaxşı olduğunu, tezliklə qalib gələcəyimizi deyib.
- Müharibə zamanı Adillə iki dəfə danışdıq. Birincisi oktyabrın 20-də idi. Onda həyat yoldaşının qardaşı Elton Qənbərli şəhid olmuşdu. Xəbərin düzgünlüyün bizdən soruşurdu. “Vətən sağ olsun” dedi. İkinci dəfə isə oktyabrn 30-da danışdıq. Dedi ki, “ata, işlərmiz yaxşıdır. Təlimlərimiz yaxşı gedir”. Heç vaxt "döyüş" deməzdi. Tezliklə gələcəyini deyirdi. O, Orduda, Hikmət müəllimin yanında elə bir tərbiyə almışdı ki, heç nəyi bizimlə blüşməzdi. Onların qolunu, başını da kəssən deməzdi, hara gedirlər. Neçə müddət təlimlərdə oldu, bir dəfə demədi ki, döyüşə gedirik. Elə də olmalı idi. Çünki mən onu 8-ci sinifdən dövlətə vermişdim. Dövlət onu yedizdirib, geyindirirdi. Bu gün elə övladlar dövlətimizə lazımlı, gərəkli olduqlarını sübut etdilər. Həmin oğulların sayəsində 30 illik həsrət sona çatdı,- Şəhidimizin atası deyib.
Asəm İbrahimli özü də I Qarabağ Müharibəsi qazisidir. 1992-ci ildə müharibəyə könüllü gedib. Deyir ki, Adilin uşaqlıqdan hərbiyə marağı var idi. Atasının yolunu davam etdirmək istəyirdi: "Mən fəxr edirəm ki, Vətən üçün elə bir oğul böyütmüşəm. 1988-ci ildən bu günə qədər şəhid olan Adil kimi igidlərin ruhları şad olsun! Adil barədə hər zaman gözəl sözlər deyilirdi. Hikmət müəllimlə görüşəndə mənə dedi ki, “Sağ ol ki, belə igid böyütmüşdün”. Döyüş yoldaşları onun igidliyindən danışırdı. Deyirdilər ki, Adil döyüş meydanında kiminsə yaralı qalmasını istəməzdi. Eşidəndə ki, kimsə yaralı qalıb, gecə ilə gedib onu çıxarardı, gətirib xəstəxanaya verərdi. Mən Adil haqqında bundan sonra yaşayacağım qədər də danışsam, azdır. Adil belə igid oğlan idi”.