2021/09/jio-1631883969.jpg

line
Adı: Allahverdiyev
Soyadı: Kənan
Ata adı: Mərdan
Doğum tarixi: 10.02.2002
Şəhid olub: 03.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Kənan Mərdan oğlu Allahverdiyev 10 fevral, 2002-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş, azərbaycanlı ailəsində dünyaya gəlib. 2008-ci ildə Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbin birinci sinifinə daxil olub. 2018-ci ildə doqquz illik təhsili bitirib.

O, hər zaman çalışaraq ailəsinə dəstək olub, ata-anasının, bacı-qardaşının qayğısını çəkib. Təbiətcə qapalı olan Kənan həm də utancaq idi. O, cüdo idman növü ilə məşğul olub, məşqçi müəllimi Ceyhun Mirzəyev idi. Dəfələrlə müxtəlif yarışların qalibi və şəhər birinciliyinin qızıl mükafatçısı olub.

“Diriliş Ertuğrul" türk filimini daima izləyən Kənanın qəhrəmanı Ərtoğrul idi. Arzusu torpaqlarımızı alaraq şəhid olmaq idi...Kənanarzusunda olduğu həmin müqəddəs məqamada yüksəlib. Qəhrəman şəhid qardaşımız Kənanın böyük Vətən sevgisi məhz ailəsindən qaynaqlanıb. Atası Mərdan Allahverdiyev 1992-1996-cı illərdə birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.


Kənan 2020-ci ilin may ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə yola düşüb. İlk hərbi xidmətini Goranboyda, Bərdə qarizonunun N saylı hərbi hissəsində yerinə yetirib, snayperçi idi. Vətən müharibəsində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər, kəndlər, rayonlar uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edib.


2020-ci il oktyabrın 2-dən 3-nə keçən gecə, Suqovuşanda (işğal dövründə: Madagiz). torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda gedən ağır döyüşlərdə 18 yaşında şəhidlik zirvəsinə ucalıb. 4 oktyabr şəhidin dəfninə minlərlə şəhər sakinləri, yüksək rütbəli zabitləri, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri qatılıb. Kənan Allahverdiyev Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.


Ruhiyyə xanım “Oğlum Kənan şəhadəti ilə ata, baba torpağım olan Füzulini mənə bağışladı”,- deyir.


Qardaşı Nicat Kənan haqqında danışır: "Vətəni sevmək imandandır" - deyib peyğəmbərimiz. Qardaşım Vətənini, xalqını, ailəsini çox sevirdi. Hər zaman evin, ailənin qayğısını çəkirdi, çox zəhmətkeş idi. Yaşca kiçik olsa da, çox böyük idi. Sakit , utancaq təbiətli olsa da, ailə qayğısını çəkməklə ailəyə kömək etməkdən zövq alardı. Gedib işləyirdi ki, ailəsinə qazanc gətirsin və ailə üzvləri korluq çəkməsinlər. Evin son övladı idi, ərköyün böyümüşdü. Amma sözübütöv oğlan idi, dediyinə də əməl edərdi. Yolda yaşlıların, qadınların dolu zənbillə gəldiyini görəndə tanıdı, tanımadı kömək edərdi. Daima şəhidlərdən danışardı və “Şəhid Olacağam” deyərdi. Ən böyük arzusuna çatdı qardaşım. Cəbhədə şəhid olanlar hamısı qiymətlidir. Şərafətlə, şöhrətlə köçdü cənnət qoxulu qardaşım. Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi, bütün şəhidlərimizin ruhu sevindi. Mən fəxr edirəm ki, Kənan vətəni, milləti yolunda şərəfli bir zirvəyə ucaldı. Allah rəhmət eləsin! Nur içində yatasan şəhid qardaşım!"


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Kənan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Kənan Allahverdiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.