Hüseynov Elçin Zamin oğlu 1992-ci il sentyabrın 9-da Bakı şəhərində anadan olub. Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhəri 9 saylı tam orta məktəbdə başlayıb. 2012-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin gömrük işi fakultəsini bitirib. Evin ilk oğlu idi.
2012-ci ildə hərbi xidmətə yollanan Elçin 2014-cü ildə xidmətini başa vurub. Elə həmin ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin Bakı korpusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq kəşfiyyatçı-snayper vəzifəsində xidmətə başlayıb. Elçin 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq ön cəbhəyə yollanmaq barədə komandanlığa müraciət edib. Komandanlıq onun müraciətini nəzərə alıb.
Elçin Hüseynov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində yaralanıb. Buna baxmayaraq, geri çəkilməyib, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. Strateji yüksəkliklərin düşmən əlinə keçməməsi, döyüş yoldaşlarının sağ qalması üçün özünü güllənin qabağına verib. Yaralansa da döyüşə davam edib, "Mübariz" postundan digər posta keçərkən 2 oktyabr tarixində qəhrəmancasına şəhid olub. Oktyabrın 17-də Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhid zabitimizin qardaşı Natiq Hüseynovun sözlərinə görə, Elçin silahdaşları ilə birlikdə mühasirədə qalıb. Lakin ölümü gözə alaraq, yüksəkliyi aşıb, düşmənin olduğu sahəyə daxil olub və onları atəşə tutanları vurub:
- Kəşfiyyatçıların dediyinə görə, Elçin şəhid olanda iki dəfə güllə yarası alıb. Birinci güllə başının arxasından dəyib, komandiri elə bilib ki, Elçin şəhid olub. Lakin bir müddətdən sonra onun sağ olduğunu görüblər. Uzandığı yerdən qalxıb, komandiri Elman Əzizli ona rabitə ilə geri qayıtmaq əmrini verib. Amma Elçin qayıtmayıb komandirə “gözləyin” deyib. Düşmənlə üzbəüz dayanıb, ikinci güllə dəyməmişdən özündə güc tapıb ermənini nişan alıb, vurub. Sonra ikinci güllə başından dəyib. Uzandığı yerdə bir neçə saniyəyə zirehini çıxarıb, içindəki bayrağı cibinə qoyub, silahını qucaqlayıb və həmin yerdə də şəhid olub”.
Şəhidin nəşini götürmək üçün bütün kəşfiyyatçı yoldaşları əllərindən gələni ediblər. Yalnız 11 gündən - düşmən arxaya çəkiləndən sonra Elçinin cəsədini ərazidən götürmək mümkün olub.
Qardaşı deyir ki, Elçin ondan yaşca böyük olsa da, subay idi, heç evlənmək barədə düşünmürdü. Bircə arzusu var idi – Şuşa, ondan başqa heç nə düşünmürdü. Həyatı ancaq post və səngərdən ibarət idi. Elə öz arzuları uğrunda da bu dünyadan getdi...
Ölümündən sonra Elçin Zamin oğlu Hüseynov Vətən müharibəsindəki misilsiz qəhrəmanlıqlarına görə «Vətən uğrunda», «Suqovuşanın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı», «Ağdamın azad olunmasına görə» medalları ilə təltif edilib.