Naxçıvandan Bakıya, oradan da cəbhə bölgəsinə yola düşməmişdən qabaq bəzi əşyalarını götürmək üçün iki günlüyə evə gəlir, anası, bacıları ilə vidalaşır. Anasının sözüylə desək, sanki vəsiyyətini edir:
-Ana, mən gedirəm. Hər şey ola bilər, şəhid ola bilərəm. Nə olur olsun, sən ağlama… Onu bil ki, sən ağlasan, sanki mənim qol-qıçımı qırıb yenidən tabuta yığırsan. Sevin ki, mən Qarabağı azad etməyə gedirəm...” Yəmən xanım oğlunun bu sözlərinə ürəyində çox sıxılsa da, onu deyə-gülə yola salıb. Zarafatla da deyib ki, Qarabağı otuz ildi heç kəs ala bilmədi, elə olar, sən alarsan”.
Xansu kiçik yaşlarından əlindən gəldiyi qədər işləyib, anasına dayaq durub. Ali təhsil almaq arzusu ürəyində qalsa da, ailəsi və öyrəndiyi hərbi biliklər onun üçün vətən, vətənpərvərlik məktəbinə çevrilib. Ən böyük istəyi isə Qarabağı düşməndən almaq olub.
Xansunun son telefon danışığı 27 oktyabrda olur. Bacısı Xatunla danışır. Yolumuz Şuşayadır, bacı, tezliklə qələbə xəbəri ilə gələcəyəm, deyir. Bacısı ondan gələndə xarıbülbül çiçəyi gətirməsini istəyir. Inşallah, bacı, siz anamdan muğayat olun, darıxmağa qoymayın. Daha zəng vurmaq mümkün olmayacaq. Getdiyimiz yerdə telefon çəkmir, deyir…
Kəşfiyyatçı olduğu üçün hər zaman öndə gedən, cəsurluğu, qətiyyəti ilə əsgər yoldaşlarına örnək olan Xansu Qurbanov Hadrutdan başlanan döyüş yolunda addım-addım qələbə qazanaraq ən ağır döyüşlər gedən Qırmızı Bazar qəsəbəsinə yoldaşları ilə bir yerdə çatır. Hər gün neçə yoldaşı yanında yaralanır, şəhid olur. Şuşaya gedən yüz iyirmi nəfər könüllü arasında ön sırada durur.
Şuşanın alınması Vətən Müharibəsinin qəhrəmanlıq dastanının ən şərəfli, ən qürurlu və ən ağrılı səhifəsidir. Noyabrın 8-i Şuşa şəhəri azad edilir. Və səhərisi gün müharibənin dayanmasına saatlar qalmış Xansu əsgər yoldaşları ilə birlikdə düşmənin xain gülləsinə tuş gəlir.