2021/09/yalsh-1631825095.jpg

line
Adı: Abasov
Soyadı: Davud
Ata adı: Yalçın
Doğum tarixi: 19.11.1999
Şəhid olub: 16.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Vətən uğrunda» medalı
Davud Yalçın oğlu Abasov 19 noyabr 1999-cu ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. O, Uzuntəpə kəndi, Şəhid Eldəniz Yusubov adına orta məktəbdə təhsil alıb. 2018-ci ildə məktəbi bitirib hərbi xidmətə yollanıb.

Davud hərbi xidmətini əsgər kimi Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəd postunda davam etdirib. Həmin vaxt düşmən təxribatının qarşısının alınmasında şücaət göstərərək, bir mülki vətəndaşımızın həyatını xilas edib. Daha sonra isə gizirlik hərbi kursuna başlayıb, kursu müvəffəqiyyətlə bitirdikdən sonra gizir hərbi rütbəsi alıb.

İki ay sonra Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinə qəbul olunub, buranı da müvəffəqiyyətlə bitirdikdən sonra ÇHD giziri kimi hərbi xidmətə başlayıb. Davud dəfələrlə xüsusi təyinatlı snayper kurslarından keçib.

Sentyabrın 27-də başlayan Vətən müharibəsində DSX ÇHD snayper gizir kimi iştirak edib. Zəngilan, Füzuli rayonları və Hadrut qəsəbəsinin düşmən işğalından azad edilməsi əməliyyatlarında döyüş tapşırığını uğurla yerinə yetirib. Kiçik gizir Davud Abasov 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə vəzifə borcunu yerinə yetirərkən şəhid olub.



Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Yalçın oğlu Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ailə üzvləri deyir:
- Sonuncu dəfə Davudla Şəhid olduğu gün səhər saatlarında əlaqəmiz oldu. Hər şeyin yaxşı olacağını bildirdi. “Bu döyüş haqqın nahaqqa qarşı döyüşüdür, haqq qalib gələcək”,- dedi. Allaha şükr edirdi ki, torpaqlarımızı azad edirik. O, çox gözəl xasiyyətlərə sahib mehriban, sakit övlad idi, biz ondan heç vaxt narazı olmadıq. Onun ağzından güldən ağır bir söz eşitmədi heç kim. Özündən böyüklərin hörmətini saxlayırdı, kiçikləri gözünün üstündə tuturdu. Davudun yoxluğu çox ağırdır, amma hər bir halda Davud kimi qəhrəman övladın valideynləri olmaqdan qürur duyuruq…”