2021/02/Məzd-1612447220.jpg

line
Adı: Eyvazlı
Soyadı: Məzdək
Ata adı: Əli
Doğum tarixi: 26.02.1996
Şəhid olub: 29.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Eyvazlı Məzdək Əli oğlu 1996-cı ilin 26 fevralında Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə Lökbatan qəsəbəsi 288 saylı məktəbdə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olan Məzdək 2017-ci ildə məzun olub və hərbi xidmətə yollanıb. Gədəbəydə qulluq edib.



Hərbidən qayıtdıqdan sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətində işləməyə başlayıb. 2020-ci il sentyabrın 21-də hərbi səfərbərlik çağırışı ilə təlimlərə qoşulub. 27 sentyabrda isə müharibəyə yollanıb. 29 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” , "Füzulinin azad olunmasına görə" “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.



Bacısı onunla bağlı xatirələrindən danışarkən deyir:

“Qardaşım uşaq vaxtı çox sakit, ağıllı uşaq olub. Uşaq ikən oyuncağı çox az idi. Bir tankı, balaca əsgərləri, bir də taxtadan avtomatı vardı. Bizim dayımız da 1992-ci ildə şəhid olub. Anam şəhid qardaşından ürək ağrısı ilə danışanda, qardaşım deyirdi, ”Ana, ağlama, böyüyəndə gedib erməniləri öldürəcəyəm.” Elə də oldu verdiyi sözünün arxasında həmişəki kimi dayandı"...



Bacı sözlərinə davam edir:

"Məktəb illərində bir dəfə də olsun ondan şikayət gəlmirdi. Müəllimələri Məzdəkdən qürurla danışanda deyirdilər ki, hər zaman başını aşağı salıb, dərsləri ilə məşğul olur. Bizi heç vaxt incitməyib.

Universitet illərində də özünə hörmət qazanmışdı qardaşım. Məzdəklə bir dəfə kəlimə kəsən onun necə gözəl insan olmağından danışır".



Şəhidin bacısı deyir ki,Məzdək heç vaxt ad gününü qeyd etməyib:

"Qardaşım Xocalı faciəsində anadan olmuşdu deyə, heç vaxt ad gününü qeyd etmirdik. Özü də istəmirdi. Dostları yığışmaq istəyəndə də deyirdi, ” 2-3 gün keçsin sonra yığışarıq”. Həmin gün heç yerə getmirdi. Dostları deyir ki, cibində bir manat pulu qalsa belə ehtiyacı olana verərdi”...



Məzdəkin bacısı əsgər yoldaşlarının onun haqqında dediklərindən də danışdı:

”Deyirlər ki, Məzdək bizdən böyük idi, bizi həmişə qoruyurdu. Komandirdən telefonu alırdı bizə verirdi ki, ailənizlə danışın. Deyirdik, "Sən də danış", deyirdi, ”siz danışın, mən sonra danışaram...”

Şəhid bacısı deyir ki, qardaşı böyük-kiçik yeri bilən olub həmişə:

"Evlə danışanda uşaqlar deyirdi ki, “Dayı, erməniləri öldür, gəl", cavab verirdi ki, "Gələcəyəm, sizə də öz avtomatımdan alacağam”...

Həmişə sözünü tutan qardaşım bu dəfə özü gələ bilməsə də, ailəsinə uca bir ad qoyub getdi, "şəhid ailəsi". Varlığı ilə də, yoxluğu ilə də, qardaşım bizim qürur yerimizdir"...


Şəhid Məzdək Eyvazlının dostları öz hesablarına onun əziz xatirəsini yaşatmaq üçün yaşadığı binanın yanında adına bulaq tikdiriblər.