2021/02/Ülvi-1612278356.jpg

line
Adı: Qulamlı
Soyadı: Ülvi
Ata adı: Şahin
Doğum tarixi: 24.05.1994
Şəhid olub: 19.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Belə bir deyim var, şəhid qanı axmayan torpaqdan vətən olmaz. Onlar düşmən qarşısında inamla dayanıb Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid oldular.  Şəhidlik ünvanı əbədi zirvədir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Mingəçevirli Ülvi Şahin oğlu Qulamlıdır.

Ülvi Qulamlı 1994-cü il mayın 24-də Mingəçevir şəhərində anadan olub. 2001-2012-cı illərdə Mingəçevir şəhərinin 13 saylı tam orta məktəbində təhsil alıb. Ülvi Qulamlı 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2018-2020-ci illərdə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə kiçik çavuş rütbəsində müddətdən artıq xidmət edib.  Azərbaycan Ordusunun kiçik çavuşu Ülvi Qulamlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.

Suqovuşan, Talış kəndi, Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 19-da Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub . Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidin anası Qulamlı İradə Ülvi haqqında qürurla danışaraq çox çətinliyə iki oğul böyütdüyünü bildirib:
”Həyat yoldaşımı tez itirdik. Yoldaşım fotoqraf idi. Şəhərdə onu fotoqraf Şahin kimi tanıyırdılar. O rəhmətə gedəndən sonra iki oğlumla tək-tənha qaldıq. Amma şükürlər olsun uşaqlar böyüdü. Dedim Ülvi,Yaşasın kimi oğullarım var hamıdan varlıyıq. Onlar gözəl xasiyyətə malik, sakit təbiətli uşaqlar idi. Ülviyə tanışlar,qonşular arasında olan münasibət məni həmişə qürurlandırırdı. Övladlarıma tək baxıb böyütdüm. Ülvi 1994 cü ildə anadan olmuşdu. Əsgərlik xidmətini başa vurduqdan sonra şəhərimizdəki avtovağzalda işə düzəldi. Əməkhaqqı az olduğuna görə bir müddətdən sonra oradan ayrılıb MAXE (müddətdən artıq həqiqi hərbi xidmət edən ) kimi orduya yazıldı. 2 il idi ki N saylı hərbi hissədə qulluq edirdi. Müharibə başlayanda səfərbərliklə ikinci oğlumu da müharibəyə apardılar .Çox narahat olurdum övladlarım üçün. Ülvi tez-tez zəng edirdi. Mənə ən qabaqda olduğunu deyirdi. Çox ürəkli danışırdı. Hərdən özüm-özümə deyirdim ki, sakit təbiətli Ülvi nə yaman şir ürəkli olub. Mən də ürəklənirdim ki, oğlum belə ürəklidi. Özü namaz əhli olub. Həmişə ibadətlə də məşğul olurdu. Çalışırdı ki, gənc ömrü ilə ailənin bütün qayğılarını öz üzərinə çəksin. Oğlum həm də vətən sevdalısı idi.Həmişə deyərdi ki, bircə torpaqlarımızın azad olunduğu günü görə biləydik. 26 yaşlı gənc, nə yaşamışdı ki? Bu körpə yaşında, bu körpə vaxtında namusumuzu, izzətimizi, şərəf və heysiyətimizi qorumaq üçün canından belə keçməyə hazır idi. Hərdən mənə deyərdi ki, ana, evlənmək üçün qızı sən seçərsən, abırlı ismətli olsun. Çox arzuları vardı Ülvimin. Onun da qismətinə şəhidlik yazıldı. Suqovuşan,Talış, Ağdərə uğrunda gedən döyüşlərdə şəhid oldu. Hər gün şəkillərinin qarşısında durub onunla söhbət edirəm. Heç oğlum Yaşasın da mənə təsəlli verə bilmir. Yaşasın da müharibədə idi. Ülvi şəhid olandan sonra onu ordudan təxris elədilər. Şəhid olmazdan bir neçə gün əvvəl Ülvi evə gəlmişdi. Çox kədərli idi. Deyirdi bütün yoldaşlarım şəhid olub yaşamağa utanıram. Amma yenə də bizə ürək dirək verib getdi. Orta məktəbi də yaxşı oxuyurdu. Mingəçevir 13 saylı məktəbin məzunu olub”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Ülvi Qulamlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qəhrəman Ülvi, həmçinin "İgidliyə görə, "Laçının azad olunmasına görə" medalı, "Suqovuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.