O, hər gün qürurla üzərində daşıdığı formasını geyinib işə gedirdi. İşdən asudə vaxt tapdıqda isə hərbi hissədə Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş guşənin qarşısında durub fikrə gedirdi. Ürək ağrısı ilə şəkillərə baxanda hər dəfə sinəsinin sol tərəfindən qəribə bir ağrı başlayırdı. Bu şəkillər onu kədərləndirməklə yanaşı, həm də vətən borcunu xatırladırdı. Hər gün özünə bu sualı verirdi, sən bu vətən üçün nə etmisən?
Bu düşüncələrə dalan Vətən müharibəsinin şəhidi İsgəndərov Niyaməddin Qulu oğlu idi. Niyaməddin 1985 - ci ilin dekabr ayının 6–da şaxtalı bir gündə Naxçıvanın Xok kəndində dünyaya gəlib. Özündən başqa bir bacısı və bir qardaşı olan Niyaməddin ailədə hamıdan çox anasına bağlı idi. Sadə, zəhmətkeş bir ailənin bu qürurlu övladı xasiyyətinə görə kənddə də hamı tərəfindən sevilirdi. Niyaməddin 3 il Naxçıvanda Daxili Qoşunlarda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi, sonra isə öz istəyi ilə oradan ayrılaraq sənədlərini Quru Qoşunlara verərək N saylı hərbi hissədə xidmətinə davam edib. Niyaməddin xarakteri etibarı ilə çox nikbin biri idi. Həyatda heç bir çətinlik onu ruhdan salmazdı. Ürəyinin ən böyük dərdi Qarabağ həsrəti idi. Quru Qoşunlarında xidmət etmək istəyi də düşməndən qisas almaq arzusundan irəli gəlirdi. Elə buna görə də müharibə başlayanda könüllü olaraq adını Qarabağa döyüşmək üçün gedən igidlərin siyahısına yazdırıb. İllərdir ürəyində olan sancı o gün azalıb. O, çox sevinirdi ki, artıq neçə ildir cavabsız qalan suallarına cavab tapdı. Niyaməddin Vətənə olan borcunu ödəmək üçün düşmən işğalı altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşə gedirdi. Artıq hərbi hissədəki Xocalı soyqırımı şəhidlərinin şəkillərinə baxanda əzab çəkməyəcəkdi, çünki onların qisasını alacağına əmin idi.
Bu sevinclə evlərinə zəng etdi. Yaxınları onu heç bir vaxt bu qədər sevincli görməmişdi. Niyaməddin sanki müharibəyə deyil, düyünə gedirdi. O, ailə quranda, övladları Aytac və Mətanət dünyaya gələndə heç bu qədər sevinməmişdi. Axı Niyaməddin üçün Vətən hər şeydən, hamıdan öncə gəlirdi. İndi o bu sevdası uğrunda mübarizə aparacaqdı. Anamız Azərbaycanı öz bütövlüyünə qovuşdurarkən Vətən borcunu layiqincə yerinə yetirəcəkdi.
Niyaməddin bu sevinclə oktyabrın 18- də müharibənin qızğın gedən bir vaxtında Qarabağa getdi. O Füzuli, Cəbrayıl, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. Hər bir kəndi, qəsəbəni, rayonu, şəhəri azad etdikcə Vətənə olan borcunu layiqincə yerinə yetirməyinin verdiyi sevinc onu daha da qorxusuz bir əsgərə çevirirdi. Döyüş yoldaşları ilə bir an belə durmadan düşmənin vətənə dikilən gözlərini oyaraq irəliləyirdi. Bu sevinc onu sanki qanadlandırırdı. Hər gün çox bağlı olduğu anası Bəyim xalaya zəng edib yaşadığı sevinci onunla paylaşırdı. Döyüşdə olduqları müddətdə iki dəfə mühasirəyə düşmüşdülər. İlk düşdükləri mühasirədən yoldaşlarını çıxartmağı bacaran Niyaməddin həm də yaralı yoldaşlarını öz çiynində bir-bir daşıyıb maşına apararaq xilas etməyi bacarıb. Mühasirədə olanda həm döyüş yoldaşlarına, həm də yaralılara təsəlli verərək hər şeyin yaxşı olacağını deyib. Bu gün onun xilas etmək üçün çiynində daşıdığı yaralı döyüş yoldaşları bir ömür boyu Niyaməddinə borclu olacaqlarını deyirlər. O, heç bir çətinlikdən qorxmadan, yorulmaq bilmədən qarşısında duran düşməni məhv edərək irəliləyib. Elə bil şəhadətinin müjdəsini öncədən almışdı. O qədər xoşbəxt idi ki, üzündəki sevinc bir an belə azalmırdı. Niyaməddin axırıncı dəfə ailəsi ilə oktyabrın 28-dən 29-na keçən gecə danışıb. Hər şeyin yaxşı olduğunu deyib. Sonra ailəsi ondan 24 gün xəbər ala bilməyib.
24 gün Bəyim xala telefon başında oturub oğlunun zəngini gözləyib. Noyabrın 21-də ailəsinə Niyaməddinin Xocavəndin girişində mühasirəyə düşüb şəhid olduğu xəbəri gəlib. Niyaməddin düşdükləri ikinci mühasirədən azadlıq göyərçini olaraq çıxıb və onun müqəddəs ruhu Qarabağın səmasında şəhadətə yüksəlib. Noyabrın 22-də şəhidin cənazəsi Naxçıvana gətirilərək ehtiramla dəfn edilib.
İsgəndərov Niyaməddin Qulu oğlu ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə "Vətən uğrunda" , "İgidliyə görə" , "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.