Vətən müharibəsində minlərlə əsgərimiz, zabitimiz iştirak edib, qəhrəmanlıqları ilə fərqləniblər. Onların arasında qazi olanlar və şəhidlik zirvəsinə ucalanlar da var. Barəsində söhbət açacağımız şəhidimiz kəşfiyyatçı leytenant Mayis Yaqubovdur.
Yaqubov Mayis Rəhim oğlu 1998-ci ilin aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Orta məktəbi elə doğma kəndində bitirib. O, idmanın bir neçə sahəsi ilə (güləşlə, bıçaq və balta atma, dəqiq hədəf vurma) məşğul olub. Uşaqlıqdan arzusu XTQ kəşfiyyatçısı olmaq olan Mayis 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə yüksək nəticə ilə qəbul olunub.
2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və arzusunda olduğu kəşfiyyatçı ixtisasını seçib. Orada oxuduğu müddətdə müəllimlərinin və komandirlərinin hörmətini qazanıb. Mayis təhsil illərində rus və erməni dilinə xüsusi diqqət göstərib. Hər zaman deyib:“əsil kəşfiyyatçı düşmənin dilini yaxşı bilməlidir”. Hətta ona bu məktəbdə erməni dili müəllimi kimi işləmək də təklif olunub, ancaq Mayis imtina edib. Bildirib ki, bu dili müəllim olmaq üçün deyil, yaxşı kəşfiyyatçı olmaq üçün öyrənib. 2019-cu ildə Azərbatcan Hərbi Məktəbini bitirib və Xüsusi Təyinatlı Qüvvələrdə 6 aylıq kursdan keçib. Lakin zədə aldığı üçün son mərhələdən adlaya bilməyib. Beləliklə, mərhələni bitirmədən təyinatını Naxçıvanın Şahbuz rayonuna veriblər.
O, 8 -9 ay ərzində Şahbuzun qarlı dağlarında xidmət edib və sonrakı xidmətini xüsusi təyinatlı qüvvələrdə davam etdirib. Vətən müharibəsində Mayis Naxçıvandan gələn ilk XTQ-in tərkibində döyüşlərdə iştirak edib. Hadrutun işğaldan azad edilməsi və əks- hücumların qarşısının alınmasında böyük qəhrəmanlıqlar göstərib. Füzulinin bir sıra kəndlərinin geri alınmasında fəal iştirak edib.
O, oktyabrın 17-də Xocavəndin Tuğ kəndi istiqamətində gedən qızğın döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Onun nəşini 5 gün sonra böyük çətinliklə ərazidən çıxarmaq mümkün olub. Oktyabrın 22-si doğulduğu Qazax rayonunun Daş Salahlı kəndinin Şəhidlər xiyabanında torpağa tapşırılıb .
Uşaqlıqdan milli ruhda tərbiyə alan Mayisin ən çox sevdiyi musiqi “Anama deyin” mahnısı olub. Anası söyləyir ki, o, həmişə bu mahnıya qulaq asarmış: “Ayrı heç bir mahnıya qulaq asmırdı. Telefonunda çox mahnı da olmurdu. Deyirdi ki, bu mahnı çox xoşuma gəlir. Mənə layladı elə bil. Deyirdi, ay ana, yuxumda özümü bayraqla görmüşəm. Heç sən də yuxunda məni bayraqla görmüsən? Bilirəm, müharibə başlayacaq, şəhid olacağam... Sanki hər şeyi əvvəlcədən görürdü...”.
Şəhidin atası Rəhim Yaqubov oğlunun uşaqlıqdan hərb sənətinə marağının olduğunu deyir. O, filmlərdə döyüş səhnələrinə maraqla baxar, xüsusən də bıçaq atma hərəkətlərini məşq edərdi. “Dayısı da hərbçi idi. Ona baxıb həvəslənirdi, general olacağını deyirdi. İdmanla məşğul olurdu, bıçaq atırdı. Özünü hazırlayırdı", -deyə atası söyləyir.
“Balaca vaxtından həmişə yaşını qabaqlayan uşaq olub. Qorxmaz idi, həmişə nağılları sevirdi. Mən də nağıl bilənəm, Mayisi nağıllarla böyütmüşəm. Özünü qəhrəman kimi hiss edirdi. Deyirdi, elə nağıl danış ki, o nağılın qəhrəmanı mən olum”, - deyə nənəsi Telli Yaqubova bildirib.
Müharibə başlayanda könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edən qardaşı Etibar deyir ki, 2 il əvvəl Mayislə paradda iştirak edib və o günləri heç vaxt unutmayacaq: “Mən hərbi xidmətdə olanda, 2018-ci ildə ordumuzun 100 illiyi ilə əlaqədar keçirilən paradda Mayislə qarşılaşdım. Bir-birimizdən xəbərimiz yox idi. Paradda hər ikimiz iştirak elədik, qardaşımla xatirə şəkli çəkdirdik. Mən qardaşımla həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm”.
Qəhrəmanlıqları ilə həmişə qəlblərdə yaşayan kəşfiyyatçı leytenantı döyüş yoldaşları “əjdaha” ləqəbi ilə çağırırmış.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.