2021/02/44-1612361163.jpg

line
Adı: Rəhimov
Soyadı: Yalçın
Ata adı: Elçin
Doğum tarixi: 25.07.2000
Şəhid olub: 07.11.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Ağsunun igid, qəhrəman, vətənpərvər oğullarından olan Şəhidimiz Rəhimov Yalçın, Elçin oğlu 2000-ci il 25 iyulda doğulmuşdur. Uşaq vaxtlarını Ağsu rayonunun Çaparlı kəndində keçirən Yalçın elə həmin kəndin İkram Rüstəmov adına orta məktəbində təhsil almağa başlamışdır.

 


Daha sonralar ailəsi ilə birlikdə Maştağanın Lahıc kəndində məskən saldıqları üçün Yalçın təhsilini Nardaran kəndinin 295 nömrəli məktəbində davam etdirmişdir. Məktəbdə oxuduğu müddətdə əlavə olaraq güləş, kinboks kimi idman növləri ilə, həmçinin üzgüçülüklə məşğul olan Yalçın müxtəlif yarışlarda iştirak edib.O, idman sahəsində də döyüş meydanında olduğu kimi şücaət göstərmiş, mükafatlar, fəxri diplom və fərmanlarla təltif olunmuş,medallar qazanmışdır. Kənddə öz mehribanlığı, gülərüzlülüyü, mərhəməti, qoçaqlığı, igidliyi ilə tanınan Yalçın çətinlikdə olan hər kəsə yardım göstərmək üçün əlindən gələni əsirgəməmişdir. Atası rəhmətə gedən bir dostunu heç vaxt yadından çıxarmamış, hər çətinlikdə yanında olmağa çalışmışdır. Hətta hərbi xidmətə yollandıqda evində olan, demək olar ki, bütün əşyalarını toplayıb dostuna vermişdir. Anası bildirir ki, hazırda Yalçının evdə bir corabı belə qalmamışdır, anasına demişdir ki, dostumun ehtiyacı var, mən isə işləyib özümə alaram.



Çox çətinliklə böyüyən Yalçının ailəsinin imkanı aşağı olduğundan həmişə işləmiş ailəsinə dayaq olmuşdur. Kiçik yaşdan gündüzləri atasına kömək üçün daş daşımasına baxmayaraq gecələri də cücə sexində çalışmış, ailəsini saxlamaq, heç kimə əl açmamaq, daim başıdik durmaq üçün hər cür zəhmətə qatlanmışdır. Bu qədər imkansızlıq çətinliklə böyüyən Yalçın həmişə gözütox olmuş, qazandıqlarını ətrafı ilə həmişə bölüşmüşdür. Həm qonşusu, həm bacısı qədər yaxın olduğu, həm də sinif yoldaşı olan Aygünün dediklərinə görə Yalçın o qədər, mərhəmətli, o qədər düşüncəli və o qədər yardımsevər oğlan imiş ki, ilk qazancına ətrafından xəbərsiz ət alaraq zənbil-zənbil yoxsul ailələrə paylamışdır və bu qədər yaxın olmaqlarına baxmayaraq Aygünün belə bundan xəbəri olmamışdır, yalnız şəhid olduqdan sonra bunu Yalçının anasından eşitmişdir. Anası bildirir ki, Yalçın deyirdi ki, "Mən kasıblığın nə olduğunu çox yaxşı bilirəm, ona görə də ilk maaşımı yoxsullara xərcləyəcəm."


Sinif yoldaşlarının danışdıqlarına görə gülərüzlülüyü, zarafatcıllığı ilə seçilən Yalçın sinifdə bir uşağın belə kefi olmadıqda onu sevindirmək üçün zarafatlar etmiş, üzünü güldürməyə çalışmışdır.  Yalçının vətən sevgisindən danışan yoldaşları bildirir ki, Yalçın bir çox fənlərdən zəif olmasına baxmayaraq, ədəbiyyata vətən, millətlə bağlı şeirlərə çox maraq göstərmişdir.



Məktəbi bitirdikdən sonra hərbi xidmət üçün Naxçıvana yollanmış kiçik yaşlarından vətənə olan sevgisi, igidliyi, cəsarəti ilə burada fərqlənmiş və Xüsusi Təyinatlı Qüvvələrə hazırlanmaq üçün seçilmişdir. Aldığımız məlumata görə komandiri deyib ki, Yalçının boyu standartlara uyğun olmasa belə, onun bu igidliyi, bu ürəyinə görə onu XTQ-ə qəbul edə bilərik..Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət göstərən Yalçın Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olmağı bacarmışdır. Bura qəbul olmaq üçün gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri "Qırmızı beret"in sertifikatını ala bilir ki, Rəhimov Yalçın öz igidliyi, qəhrəmanlığı, biləyinin gücü ilə bu mükafata layiq görülmüşdür. Müharibənin başladığı vaxtdan- 27 sentyabrdan, demək olar ki,  müharibə gedən bütün ərazilərdə dəstəsi ilə birlikdə fəallıq göstərmiş, erməni dəstələrinin bir çoxunu məhv etmişlər. Xidmətdə olduğu müddətdə mütəmadi olaraq Aygünlə əlaqə saxlayan Yalçın son dəfə əməliyyata girməmişdən əvvəl gecə yarısı zəng vurmuşdur və Aygünlə son danışığı "Narahat olma, bacı, burda hər şey yaxşıdır" olmuşdur. Eyni zamanda ailəsi, yaxınları sevdiklərinə də zəng vuraraq, sanki şəhid olacağını hiss etmiş, hər kəslə son dəfə danışmaq istəmişdir və bütün çətinliklərə baxmayaraq ailəsini , sevdiklərini zərrə qədər belə narahat etmək istəməmiş, hər şeyin yaxşı olduğunu bildirmişdir.



Soyuqda, qaranlıqda bütün çətin şəraitlərdə öz canı, qanı bahasına vətənini, millətini qorumaq üçün əlindən gələni əsirgəməyən Yalçın yaralanan bir yoldaşını qanitirmədən ölməsin deyə çiyninə alaraq təhlükəsiz bölgəyə, həkim nəzarətinə aparmış və həyatını xilas etmişdir. Lakin geri qayıdarkən təkbaşına erməni mühasirəsinə düşmüş, 8 ermənini məhv etdikdən sonra boynunun arxasından aldığı bıçaq yarası ilə haqqın rəhmətinə qovuşmuşdur. 7 noyabr Şuşa əməliyyatı zamanı əlbəyaxa döyüşdə qəhrəmancasına şəhid olan Yalçın sevdiklərinin qəlbində dərindən, silinməyən bir iz buraxmışdır. 


Ailəsinə cəbhədən verilən məlumatda deyilir ki, "Burda dəhşətli bir oğlan var ki, adı Yalçındır, biz onu ermənilərin qənimi adlandırırıq". 



Şəhid Rəhimov Yalçının anası Rəhimova Dilarə: 


"Yalçın uşaqlarımın içərisində həmişə seçilirdi, 3 övladımdan ən çox Yalçını istəyirdim.. bilmirəm ya balaca olduğundan idi, ya da ki, Yalçında fərqlilik var idi ki, məni özünə çəkirdi.. Yalçın balaca vaxtindan fərqli idi, çox zəhmətkeş, düşüncəli, dərrakəli uşaq idi..Heç vaxt kimdənsə şikayətləndiyini görməzdim.. Həmişə də bizi düşünərdi.Yalçın müharibəyə gedəndə də mənə deməmişdi, atasına demişdi ki, ata biz könüllü müharibəyə gəlmişik.Mən onunla danişanda bir sözü vardı "ana yaxşıyam, narahat olma, özünüzdən muğayat olun". Bugün oğlumun itkisi mənə nə qədər ağır olsa da (bu itkini nə beynim qəbul edir, nə də ürəyim) mən Yalçınla fəxr edirəm. Fəxr edirəm ki, mənim Yalçın kimi oğlum var, indi Yalçın tək mənim oğlum deyil, bütün Azerbaycan xalqının oğludur..."



Rəhimov Yalçının atası Elçin Rəhimov:


"Yalçın uşaqlıqdan əməyi sevən idi. Kənddə böyümüşdü, kənd həyatını çox sevirdi. Pozitiv biri idi. Qəlbində heç kimə qarşı kin- küdurət bəsləməzdi, qısqanc deyildi. Əsgərlik vaxtina 1il qalmiş işləyib evə kömək edirdi. Özündən çox ailəsini düşünürdü.. Heç vaxt atasının, anasının sözündən çıxmazdı. Mənim 3 övladım var, üçünü də tam sərbəst böyütmüşəm ki, özləri təcrübə ilə  səhv və düzü aydınlaşdırsınlar. Yalçın bu yolu öz qərarı ilə seçdiyi üçün onunla bir ömür qürur duyacam.


Mən göstərdikləri qəhramanlığa görə bütün ordumuzla, şəhidlərimizlə fəxr edirəm. Cənab ali baş komandanımız İlham Əliyevin bu cür igidlərin yetişdirilməsində göstərdiyi xidmətə görə minnətdaram. Allah bütün şəhidlərimizin məqamını ucaltsın".




Yalçın Rəhimov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.