Xırdalan şəhər sakini, 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Döyüşlərdə qorxmazlığı ilə seçilib və düşmənlə mübarizədə həmişə öndə olub. Anası ilə danışanda "Məndən nigaran qalmayın, Vətən qarşısında borcumu yerinə yetirib, qayıdacağam".
"Nəvə övladdan da şirindir",- deyən nənəsi Üsarə Mirzəquliyeva Səxavətlə fəxr edir. Deyir ki, nəvəsi evin tək övladı olmasına baxmayaraq, müharibə başlayandan iki gün sonra cəbhəyə yola düşüb.
20 yaşlı qəhrəmanımızla çiyin-çiyinə düşmənə sinə gərən döyüş yoldaşları deyirlər ki, Səxavət çox mərd oğul olub. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində düşmənlə mübarizədən qalib kimi çıxıb.
Sonuncu döyüşü isə Ərgünəş dağı ətrafında olub. Yaralı döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyevi xilas edərkən, düşmənin atdığı minamyot qəlpəsi onların ikisinin də həyatına son qoyub.
Səxavət Abbasov oktyabrın 20-də şəhid olub və Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilib.