2021/02/Scree-1612515463.jpg

line
Adı: Qasımov
Soyadı: Xaspolad
Ata adı: Fikrət
Doğum tarixi: 14.12.1993
Şəhid olub: 06.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Xaspolad Qasımov 1993-cü ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. Uşaq yaşlarından ən böyük istəyi hərbçi olmaq idi. Arzusunun ardınca gedən Xaspolad 2013-cü ilin iyul ayında hərbi xidməti bitirəndən sonra 2016-cı ilin dekabrına qədər hərbi hissədə sürücü kimi xidmət edib. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin təməl kursunu bitirib, 2017-ci ilin may ayında “kəşfiyyatçı-atıcı”, 2019-cu ildən isə Xüsusi Əməliyyat Kəşfiyyatçısı vəzifəsinə təyin edilib.


Gizir rütbəsini daşıyan şəhidimiz peşəsini daha da təkmilləşdirmək üçün xarici ölkələrdə kurs keçib, təltif olunub. Vətən Müharibəmiz başlayanda döyüşlərdə şücaət göstərib. Oktyabrın 6-da Füzuli istiqamətində şəhid olub.


- Onun yolunu çox gözləmişəm,- şəhidin anası Nüşabə Qasımova deyir - Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi. Allah onu mənə gec vermişdi, amma tez aldı. İlk övladım idi. Mehriban, sözəbaxan, zəhmətkeş idi. Hamıya əl tuturdu. Heç bir hərəkətilə bizi incitməyib. Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı idi. Ona görə də evdə çox olmurdu, üzünü az görürdük. Gələn kimi qolunu boynuma salır, öpüb qucaqlayırdı məni. O, mənim gözümün nuru idi. Xaspolad ölməyib, ən uca zirvəyə yüksəlib.



Xaspoladın atası oğlunun döyüş yoldaşlarını xilas edərkən şəhidliyə ucaldığını bildirib:
- Həmişə yoldaşları ona "özünü qoru" deyiblər, o isə hər dəfə “narahat olmayın, mənə heç nə olmaz” söyləyib. Sonuncu dəfə oktyabrın 3-də zəng etdi, ətraflı danışdıq. Mənim doğum günümü təbrik etdi. Dedim ki, nə doğum günü? Siz cəbhədəsiniz, hamınızdan nigaranıq. "Narahat olmayın, gələrəm həm sənin, həm özümün, həm də oğlumun doğum gününü bir yerdə qeyd edərik”,-dedi...


Elə bil, şəhid olacağı ürəyinə dammışdı.. Sonuncu danışığımız elə o zəng oldu. Ondan sonra nə qədər zəng etsəm də, telefonuna zəng çatmadı. Sonra şəhid olduğu xəbərini aldıq.
Buradan şəhid analarına və atalarına demək istəyirəm ki, başınızı dik tutun, çünki siz ən şərəfli yolda canını fəda edən qəhrəman övladların valideynlərisiniz!


Xaspolad Qasımov ölümündən sonra “Vətən uğrunda” , "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.