Seymur Zamin oğlu İbrahimov 20 oktyabr 2000-ci ildə Naxçıvanın Tumbul kəndində anadan olub. 2007-ci ildə Tumbul kənd tam orta məktəbinə gedib, 2018-ci ildə orta təhsilini başa vurub, həqiqi hərbi xidmətə yollanıb. Seymur 2020-ci ilin mart ayında hərbi xidmətini bitirib, “kəşfiyyat” bölməsində xidmətini MAXE HQ – əsgər kimi davam etdirib.
2020-ci il 27 sentyabr tarixindən başlayaraq ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə qatılıb və noyabr ayının 2-i Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahimov Seymur ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə"medalı, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.