Əbilov Kamal Vidadi oğlu 1996-cı ilin mayında Şərur rayonunun Oğlanqala kəndində dünyaya göz açıb. 2004-cü ildə Oğlanqala kənd tam orta məktəbində ilk təhsilinə başlayan Kamal 2011-ci ildə hərb sənətinin təməl biliklərinə yiyələnmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. 2014-cü ildə bu təhsil ocağını bitirən Kamal Əbilov Bakıya yollanıb. Burada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq kursant kimi təhsilini davam etdirir.
2018-ci ildə AAHM-i bitirən Kamal leytenant rütbəsi alaraq N saylı hərbi hissədə fəaliyyətə başlayıb.Leytenant Əbilov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində savaşıb. Kamal sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "Vətən uğrunda" , döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik göstərdiyi üçün "İgidliyə görə" və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında böyük şücaət nümayiş etdirdiyi üçün "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.