Hüseynov Əkbər Bahadur oğlu 11 iyul 2001-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. 2007-ci ildə Sabunçu rayonu Tahir Hacıyev adına 252 sayli orta məktəbin 1-ci sinfinə daxil olub, 2018-ci ildə məzun olub. 11 yaşından kikboksinq ilə məşğul olmağa başlayıb. Qatıldığı yarışlardan diplomlar, medallar, nailiyyətlər qazanıb.
Əkbərin həm də bədahətən meyxana demek ve şeir yazmaq istedadı olub. Çox zəhmətkeş biri idi. Orta məktəbi bitirdikdən sonra bir neçə yerdə işləyib.
5 iyul 2019 – ci ildə Hərbi Komissarlıqdan çağırış vərəqi gəlib. 15 iyul 2019-cu ildə həqiqi hərbi xidmətinə başlayıb. 11 avqust 2019-cu ildə Andiçmə günü münasibəti ilə Əsgər Hüseynov Əkbər fəxri fərmanla təltif olunub.
Goranboy rayonu N saylı hərbi hissədə Hüseynov Əkbər gözəl dostlar qazanır. 3 aydan sonra Əkbər dostları İqbal, İsrail, Səbuhi ilə birgə Yevlax rayonu Aran qəsəbəsindəki N saylı hərbi hissəyə aparılır. 1 il 3 ay ərzində uğurların, fəxri fərmanların ardı-arası kəsilmir. Bu müddət ərzində Hüseynov Əkbər kiçik çavuş rütbəsini alır, daha sonra manqa komandiri olur.
Ayrılmaz dostların heyat hekayəsi…
Müharibə başlanan gün hərbi hissəyə həyəcan siqnalı gəlir. Komandir əsgərlərə xəbər verir. Əkbər və İqbal komandirin əmrinə əsasən Tərtər rayonunun Talış kəndinə əks-həmlə əməliyyatına yollanırlar.
İki gün sonra səhər saatlarında Talış kəndinə düşmənin atdığı minamyot nəticəsində hər iki dost qəlpə yarası alır və qəhrəmancasına şəhid olurlar. Ailəsinə bu üzücü xəbəri 29-u günorta saat 3 radələrində Sabunçu İcra nümayəndəsi verir. Şəhidin cənazəsini 30 sentyabrda Bakıxanov qəsəbəsindəki mənzilinə gətirilir. Sabunçu rayonu Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı, vəzifə borcunu şərəflə yerinə yetirdiyi, qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən əsgər Əkbər Hüseynov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
8 oktyabrda Əkbərin dostlardan biri Səbuhi Cəbrayıl rayonun alınması zamanı şəhid olur.
Digər dostu İsrail isə Əkbərin şəhid xəbərini eşidən kimi onun kimliyini götürüb öz formasına yapışdırır və müharibəyə yollanır. İsrail müharibədə 10 gün iştirak edir. Yaxın dostlardan tək qalan İsrail Suqovuşanda şəhidlik zirvəsinə ucalır.