2021/09/iqbal-1632246487.jpg

line
Adı: Astanlı
Soyadı: İqbal
Ata adı: İlqar
Doğum tarixi: 10.07.1997
Şəhid olub: 29.09.2020
Rütbəsi: kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. Ailənin ilk övladıdır. Özündən balaca bir qardaşı və bir bacısı var. İqbal 2003-cü ildə Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. Hələ uşaq yaşlarından sərbəst güləşlə məşğul olub.

Yeniyetmələr arasında açıq Respublika Çempionatında 3 dəfə qızıl medalla təltif olunub. Astanlı İqbal respublikada keçirilən idman yarışlarında qazandığı nailiyyətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 2014-cü il 31 yanvar tarixli 23 nömrəli sərəncamı ilə Fəxri Fərmanla təltif olunub.


"Bakı 2015" ilk Avropa oyunlarının məşəli Biləsuvara gətirilən vaxt Respublika İdman Gənclər nazirliyinin etimadına görə ” Burada məşəli alovlandıran kikboksinq üzrə dünya çempionu Ehram Məcidov birinci Avropa oyunlarının çırağını yandıraraq sərbəst güləş üzrə Respublika çempionu İqbal Astanlıya təqdim edib.


İqbal Astanlı isə çırağı yarışlar başa çatana qədər rayonda saxlamaq üçün Heydər Əliyev mərkəzinə təhvil verib. İqbalın ən böyük arzusu idman sahəsində uğurlarını davam etdirmək və olimpiya çempionu olmaq idi. Amma dizində yaranan zədələnməyə görə müəyyən müddət məşqlərdən ayrılmağa və idmana ara verməyə məcbur olub. Həmçinin İqbal Astanlı Azərbaycan İdman ustalığına namizəd idi.


2015-ci ildə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. İqbal öz yaxınları və dostları arasında hər zaman öz dürüstlüyü, mərdliyi, ürəyiaçıqlığı və ən əsası gülərüzlü olmasıyla fərqlənib. Böyükdən kiçiyə hər kəsin sevgisini qazanıb, hər ürəkdə özünəməxsus yeri olub. 2019-cu ildə Akademiyanı bitirib, həmin ilin iyul ayında hərbi xidmətə yola düşüb. İmtahanlarda olan kəsrlərinə görə hərbi xidmət müddəti 1 il 6 ay olub.

Goranboy Ballıqayada hərbi xidmətə başlayıb. 3 aydan sonra Mingəçevirdə 708 nömrəli hərbi hissəyə köçürülüb. Orada kəşfiyyat qrupunda hərbi xidmətini davam etdirib. Dəfələrlə HH komandiri tərəfindən xidmətdə göstərdiyi şücaətlərinə görə Fəxri Fərmanla təltif olunub. 2019-cu ilin mart ayında ordu çempionatında sərbəst güləş üzrə 1-ci yerə layiq görülüb. Hərbi Hissədə çox böyük hörmət qazanıb. Kəşfiyyatçı dostlarınının İqbal haqqında "Hamımıza güləşməyi öyrətdi. Komandirinin gözü idi”,- deyirdilər.


Elə bu cəsurluğuna görə də Müharibə başlayan ilk gündən onu da maxelerlə birlikdə döyüşə aparmağı komandirindən xahiş edib. 27.09.2020-ci ildə İqbal Vətən uğrunda Müharibədə vuruşmağa başyıb. Döyüş yoldaşlarının dilindən: ”İqbal canavar kimi döyüşürdü, biz də ona baxıb ruhlanırdıq, irəlilədikcə bizə deyirdi ki, şükür olsun Allaha Qarabağı azad etmək bizə nəsib oldu.”

İki gün ərzində bir neçə kəndi işğaldan azad etmiş, Talış yüksəkliyinə qədər getmişlər. İgidimiz 29 sentyabr səhər saatlarında Talış yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına Şəhid olub. Xalqın böyük izdihamı ilə anadan olduğu Biləsuvar rayonunda Şəhər Qəbirəstanlığında dəfn olub. Xidməti bitirib qayıtmasına 3 ay qalmışdı. Ən böyük arzusu olimpiyada çempionu olmaq olsa da İqbal Astanlı ondan daha böyük zirvəyə Şəhidlik Zirvəsinə ucaldı!


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.