2008-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən Leytenant hərbi rütbəsi alıb. 2009-cu ildə Silahlı qüvvələrin təlim və tədris mərkəzinin Zabit ixtisası kursunu bitirib. 2009-cu ildə Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən N saylı hərbi hissənin motoatıcı taborunun motoatıcı tağım komandiri vəzifəsinə təyin edilib.
2010-cu ildə Silahlı qüvvələrin təlim və tədris mərkəzinin Zabit təkmilləşdirmə kursunda Motoatıcı bölük komandiri kursunu bitirib. 2011-ci ildə Baş leytenant rütbəsi verilmiş və N saylı hərbi hissənin motoatıcı taborun motoatıcı bölük komandiri vəzifəsinə təyin edilib.2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit təkmilləşdirmə kursunda Qərargah rəisinin MTT üzrə köməkçisi kursunu bitirmiş, 2014-cü ildə motoatıcı tabor komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub.
2015-ci ildə Müdafiə Nazirinin əmrinə əsasən Füzuli rayonun N saylı hərbi hissəsinə bərabər vəzifəyə təyin olunub. Həmin ilin avqust ayında Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsinə təyinatı verilib.
Naxçıvan Muxtar Respublikasında olduğu müddətdə Kapitan rütbəsi verilib.2020-ci ilin yanvar ayında Ağcabədi rayonunda xidmətini davam etdirmiş, 2020-ci ilin əvvəllərində könüllü olaraq Beyləqan rayonundakı N saylı hərbi hissədə xidmətini davam etdirib.
27 sentyabr 2020-ci ilin sentyabr ayında başlayan İkinci Qarabağ Müharibəsində qəhrəmancasına şücaət göstərmiş, Füzuli uğrunda gedən döyüşlərdə 2020-ci ilin 3 oktyabr tarixində şəhid olub.
Şərur rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Azərbaycan Respublikasının Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Ailəli idi, iki övladı yadigar qalıb.