Vətənə, torpağa bağlı, köksündə qəhrəman ürəyi döyünən Əmrah Əkbərov müharibənin ilk günündən otuz il düşmən tapdağında qalan müqəddəs yurd yerlərinin azadlığı naminə döyüşə atılır. Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə yağı düşmənin texnikasını, canlı qüvvəsini məhv edir. Əmrah hər dəfə odun-alovun içinə atılanda yağıdan sona qədər döyüşərək qisasını alacağına and içir.
12 oktyabrda Hadrut istiqamətində ağır döyüşlər gedirdi. Həmişə olduğu kimi, Əmrah yenə qalib olmaq istəyi ilə döyüşür. Düşmən çoxlu itki versə də, Əmrahın dəstəsi mühasirəyə düşür.
O, yoldaşlarını xilas etmək üçün özünü düşmənin səngərinə atır və üzərindəki qumbaranı partladır. Beləcə, Vətən, torpaq, əqidə naminə Əmrah öz həyatını qurban verir, yoldaşlarını qoruyur. İgid leytenantın torpağa axıtdığı bu qan onun Vətənə son övladlıq borcu olur...
052 saylı hərbi hissənin baş kəşfiyyatçısı Əmrah Şahid oğlu Əkbərov ölümündən sonra "Hərbi xidmətlərə görə", “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
İndi bütün Azərbaycan xalqı öz qəhrəman oğulları ilə fəxr edir. Onların arasında Əmrah da var. Onun keçdiyi şərəfli həyat yolu Vətənə sədaqət nümunəsidir.