Kapitan Cəfərli Həmid Kərim oğlu 1990-cı ilin avqust ayının 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə daxil olub. 8-ci sinifə qədər bu məktəbdə təhsil alıb.
Arzusu zabit olub, xalqına şərəflə xidmət etmək imiş Həmidin. Elə bu arzu ilə 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2007-ci ildə liseyi bititrib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2011-ci ildə həmin məktəbi “Qoşun Kəşfiyyatı” ixtisası üzrə bitirib,leytenant rütbəsi alıb.
Daha sonra Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə Zabit ixtisas kursuna göndərilib.
Leytenant Həmid Cəfərli 24 iyun 2011-ci il tarixindən 24 iyun 2012-ci il tarixinədək SQ TTM-də kəşfiyyatçı tağım komandiri kursunu bitirib. O, 2012-ci ildən N saylı hərbi hissənin Kəşfiyyat Bölüyünün Tağım komandiri vəzifəsinə təyin olunub.
2013-cü ildə hərbi hissə komandiri tərəfindən döyüş və ictimai hazırlıqda nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərman və Silahlı Qüvvələrin yaranmasının 95 illik yubiley medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi alıb.
2015-ci ildə isə Qazax rayonundakı N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilib. Dəfələrlə düşmənin yerləşdiyi ərazilərə kəşfiyyat qrupları aparıb və əsirlər gətirib. 2016-cı ildə göstərdiyi xüsusi xidmətlərə görə vaxtından əvvəl kapitan hərbi rütbəsinə yüksəlib. 2017-ci ildə isə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə komandir müavini vəzifəsinə təyin edilib.
O, 3-cü dərəcəli "Qüsursuz xidmtlərinə görə" və Silahlı Qüvvələrin 100 illik yubiley medalları ilə təltif edilib. 2019-cu ildə isə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin edilib.
2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində ön xətdə döyüşə başlayıb və Cəbrayıl istiqamətində düşmənin müdafiə səddini yararaq işğal altında olan torpaqlarımızın geri qaytarılmasında fəal iştirak edib. Cəbrayıl yüksəkliklərinin işğaldan azad edilməsi uğrunda vuruşub və Nüzgar kəndinə Azərbaycan bayrağını sancıb. Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərinin işğaldan azad edilməsində iştirak edib. Döyüş zamanı iki gün şəxsi heyyəti ilə mühasirədə qalıb.
2020-ci ilin oktyabr ayının 2-də Həmid Tovuz rayonunda yerləşən hərbi hissədə yüksək vəzifəyə təyin olunub. Lakin o,"müharibə qurtarandan sonra təyinat yerinə gedərəm"- deyib. Həmid döyüşçü dostlarına deyirmiş ki, "- Müharibədən sağ-salamat çıxsam,mütləq kitab yazacağam". Özünə şəhidlik zirvəsi arzulayan Həmid 27 sentyabrda dostuna yazıbmış: “Xoş o adamın halına ki, ona Şəhidlik nəsib olur. Boşuna və bihudə ölümə getməkdən Allaha pənah aparıram”.
Kapitan Cəfərli Həmid Kərim oğlu 5 oktyabr, 2020-ci ildə saat 13.20 radələrində Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakı şəhəri 2-ci Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra Şəhid kapitan Həmid Kərim oğlu Cəfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” , “İgidliyə görə” , “Cəbrayılın azad olunmasına görə ”, “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi. Oğlulları Cabbar (5 yaş), Hüseyn (4 yaş) və qızı Zeynəb (1 yaş) ondan yadigar qalıb.