Hərbi xidmət zamanı komandirləri tərəfindən xüsusi seçilən Əli, əldə etdiyi idman və digər nəaliyyətlərə görə kəşfiyyat bölüyündə xidmət etməyə layiq görülüb. Əlinin uşaqlıqdan maşın həvəskarı olması Hərbidə özünü biruzə verir. Belə ki Əli kəşfiyyat bölüyündə Ural markalı hərbi texnikanın sürücüsü olur. İkinci Qarabağ döyüşlərində əslən Tovuz rayonundan olan Vətənə bağlı, torpaygini sevən Əli bu döyüşlərdə qətiyyətlə iştirak etmək öz döyüş yoldaşlarına kömək etmək istəyib. Bir çox dəfə geri çəkilsin deyə Əliyə xeyli göstərişlər verilib, lakin özündə olan qətiyətdən heç vaxt geri çəkilməyi fikirləşməyib.
Qasımov Əli İbrahim oğlu 23 oktyabr 2020- ci ildə İkinci Qarabağ müharibəsində Talış kənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid olmamışdan 1 gün qabaq ev ilə əlaqəsində öz çəkdiyi video ilə hamını nigaran qoymuşdu və anasına heç də nigaran qalma hər şey Vətən üçündür. Şəhid olsam belə qara bağlama. Bu gənc yaşında öz canını Vətən torpaqlarının azadlığı uğrunda tapysiran Əli şəhid olduqdan sonra ondan geriyə qalan xatirə şəkilləri oldu anası onun dediyi kimi qara bağlamadı qardaşları və bacıları fəxrlə şəhidimizi anırlar.
Atası İbrahim Qasımov bildirib ki, hərbi xidmətdə də kəşfiyyat bölüyünün sürücüsü kimi xidmət edən oğlunun uşaqlıqdan maşınlara xüsusi həvəsi olub: “Gözəl əl qabiliyyəti də vardı. Adi dəmir parçasından maraqlı şeylər düzəldirdi. Əlinə nəsə keçsə mütləq ondan nəsə hazırlayırdı. Maşınlara, maşın sürməyə çox həvəsli idi. Ötən il iyunda əsgərliyə getdi. Tərtər rayonunda cəbhə zonasında xidmət edib, orada da sürücü idi. Oğlum yanvarda gələcəkdi...”
Ə.İbrahimovun müharibədən əvvəl də, müharibə gedişatında da ailəsinə ancaq bir sözü olub: “Narahat olmayın, hər şey yaxşıdı”.
Şəhid atası deyir ki, oğlu əsgərlikdə hərbi yük maşını olan “Ural” sürüb: “Sarı rəngdə maşın idi. Əsgərləri, silahları, maddi təminatları daşıyırdı. Danışanda deyirdi bu mənim “Sarı canavarım”dı. Komandirləri daim onu tərifləyirdi, bizə deyirdi Əli çox ürəklidir, hara desən qorxmadan gedir”.
Şəhid Əli Qasımov müharibənin qalibiyyət simvolu olan düşmən texnikalarını işğaldan azad olunan yerlərdən yaşayış məntəqələrimizə gətirənlərdən biri olub: “Döyüşlər zamanı ermənilərin ələ keçirilən hərbi texnikalarını mənim oğlum sürüb gətirirdi. Danışanda dedi “Ata, televizorda baxarsız, maşından əl eləmişəm, amma yaxşı düşməyib, təkcə əlim görünür”.
Bizimlə sonuncu dəfə oktyabrın 22-də danışdı, şəkil də göndərdi. Oğlum Talış kəndi uğrunda döyüşlərdə iştirak edib. Sonra mənlə danışda dedi ki, “Ata, Talışı almışıq, ora gedirik”.
Əli Qasımov elə “Sarı canavar”ı ilə xidmət edərkən şəhid olub: “Oktyabrın 23-də bunlar “Ural”la gedəndə dostunun maşını minamyotla vurulub, dostu yaralanıb. Əli tez maşınından düşüb onun köməyinə gedib. Həmin vaxt da ikinci dəfə həmin yer vurulub, dostunu çıxararkən şəhid olub”.
Şəhid Əli Qasımov ata yurdunda, Tovuz rayonu Hazalı kəndində dəfn edilib. Onun adına Bakının Nərimanov rayonunda yaşadığı məhəllədə bulaq tikilib.
İbrahim Qasımovun böyük oğlu da döyüşlərdə iştirak edib. Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçısı, leytenant Taleh Qasımov Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlının alınması uğrunda döyüşüb. Taleh cənub, qardaşı Əli şimal cəbhəsində olub. Əli şəhid olanda Taleh Qubadlıda döyüşürmüş. Həmin vaxt onu qardaşının dəfninə göndəriblər. Tovuz rayonuna gələrək Əlini dəfn etdikdən sonra yenidən döyüşlərə qatılıb. Ailənin kiçik oğlu Məhəmmədin isə 11 yaşı var.